“Hazırki vəziyyət Stalin dönəmindəki repressiyaları xatırladır” - Mustafa Cəmilevdən ÖZƏL MÜSAHİBƏ
Təhlil
09.09.2024 17:20
“Krımda repressiyalar daha da güclənib”.
Bunu Ukrayna Ali Radasının deputatı, Krım tatarlarının lideri Mustafa Cəmilev TodayPress-ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, son 10 ildə 50 min Krım tatarı öz yurd-yuvasından didgərgin düşərək Ukraynaya köç edib.
Mustafa Cəmilev hazırda ölkənin ərazi bütövlüyü uğrunda 2 mindən çox Krım tatarının Ukryana ordusunda, eləcə də yaradılan könüllü batalyonlarda hərbi xidmət çəkdiyini, rus işğalına qarşı müqavimət göstərdiyini diqqətə çatdırıb.
Krımda yaşayanların işgəncələrə məruz qaldığını, hətta bəzilərinin güc hesabına Rusiya ordusuna cəlb edildiyini, öz ölkəsinə, qardaş-bacılarına güllə atmaq istəməylənlərin qətlə yetirildiyini, təqibdən yaxa qurtaranların isə yarımadanı qaçaq yollarla tərk etmək məcburiyyətində qaldığını vurğulayıb:
“Krımı tərk edənlərin əksəriyyəti Türkiyəyə üz tutub. Amma Avropa ölkələrinə gedənlər də az deyil. Aldığımız son məlumata görə, təkcə İrlandiyada 4 minə yaxın Krım tatarı mühacir həyatı yaşayır. Bu bizim üçün acınacaqlı mənzərədir. Çünki biz vətənimizə dönmək üçün 50 il mücadilə verdik. Amma indi yenidən öz torpaqlarımızı tərk edib, digər ölkələrə sığınmaq məcburiyyətində qalmışıq. Əgər Krım işğladan azad olmasa, müharibə başa çatmasa, Krım tatarlarının gələcəyi məhvə məhkum olacaq”.
Deputatın sözlərinə görə, Krımda kütləvi informasiya vasitələri nəzarətə götürülüb, yığıncaqlar, mintinqlər, piketlər qadağan edilib. Repressiyalar daha da güclənib.
“İnsanlar bir-biri ilə danışmağa qorxurlar, çalışırlar küçəyə çox az çıxsınlar. Bir də ki həbslər! Müxtəlif motivlərlə. Həbsxanalarda olanların 75-80 faizi Krım tatarlarıdır. Krımda yaranmış hazırki vəziyyət Stalin dönəmindəki repressiyaları xatırladır” deyə Mustafa Cəmilev əlavə edib.
Töhfə Səməd
tag: Krım,Tatar,Ali Rada,Ukrayna,Müharibə,Rusiya,Mustafa Cəmilev,Deputat,todaypress.az,