Haniyə öldürüldü, Əsəd devrildi: 2024-cü ildə Yaxın Şərqdə daha nələr yaşandı? - ARAŞDIRMA
Təhlil
01.01.2025 11:50
“2024-cü ildə daha çox Yaxın Şərq dünyanın diqqət mərkəzində oldu. Çünki bu regionda vəziyyət və şərtlər bir neçə gün içində tamamilə dəyişdi”.
Bunu TodayPress-ə verdiyi açıqlamada politoloq Əli Zülfüqaroğlu deyib.
Onun sözlərinə görə, İsrailin HƏMAS, “Hizbullah”, Livan, Suriya və qismən də İranla olan qarşıdurması bütün həqiqətləri kökündən dəyişdi:
“Ötən müddət ərzində İsrail ordusu HƏMAS-ın Qəzza zolağındakı bütün hərbi qruplaşmalarını demək olar ki, tamamilə sıradan çıxarmağı bacardı. Bununla yanaşı, 1 ildə hücumlar nəticəsində İsraildə 2 min nəfərdən çox insan həlak olub, 15 min nəfər yaralanıb. Məlumatlara əsasən, son 50 ildə İsrail bu sayda itki verməyib. Bu, təxmini statistikadır. Müharibə bitəndən sonra rəqəmlərin artacağı istisna deyil”.
O, HƏMAS-ın siyasi qanadının rəhbəri İsmayıl Haniyənin öldürülməsini xatırladaraq bildirib ki, bu cavab atəşi kimi sayıla bilər. Bundan sonra rəsmi Tehran məsələni daha çox şəxsiləşdirib və Haniyənin ölümü ilə bağlı əks hücumların bütün məsuliyyətini öz üzərinə götürüb. Gərgin keçən günlərin sonunda isə İsrail tərəfi İranın paytaxtı Tehranda hərbi obyektlərə zərbələr endirib:
“Daha sonra İran konsulluğunun Suriyada vurulması, eyni zaman HƏMAS-ın komandanlarından olan Yəhya Sinvarın öldürülməsi və digər addımlar dünyanın diqqət mərkəzində idi. Sinvarın ölümünü alqışlayan Benyamin Netanyahu isə HƏMAS-ın 7 oktyabr 2023-cü il hücumu ilə alovlanan müharibənin bitmədiyini, lakin bunun "sonun başlanğıcı" olduğunu bəyan edib. O, İsrail tarixindəki ən qanlı hücumun təşkilatçısı olan Sinvarın ölümünü HƏMAS-ın şər hakimiyyətinin süqutu üçün mühüm əlamət adlandırıb”.
Analitik bildirib ki, bütün bu olanların fonunda beynəlxalq arenada əsas hədəf isə İsrail idi. Dünyada yəhudi xalqına qarşı ciddi etiraz aksiyaları başladı. Lakin HƏMAS-la əldə edilən atışkəs bu vəziyyəti az da olsa yumşaltdı.
“İsraillə HƏMAS arasında atəşkəs elan edilsə də, bu müharibənin tamamilə bitməsi demək deyil. 2025-ci ildə də Yaxın Şərqi ciddi və gərgin qarşıdurmalar gözləyir” deyə o, nitqini sonlandırıb.
Töhfə Səməd
tag: Yaxın Şərq, İsrail,HƏMAS,Qəzza ,todaypress.az,