Gürcüstan seçimini etdi: Qərbə “yox” deyib, müstəqil siyasət kursunu seçən Tbilisini nələr gözləyir? - ŞƏRH

Təhlil

18.12.2024 17:39

“Gürcüstanda prezidentin özünəməxsus səlahiyyətləri olsa da, o dövlətin siyasətini müəyyən etmir. Burada daha çox "Gürcü Arzusu - Demokratik Gürcüstan" Partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili fiquru xalqın yol göstərəni funksiyasını yerinə yetirir”.

Politoloq Tofiq Abbasov bunu TodayPress-ə danışarkən bildirib.  

Onun sözlərinə görə, İvanişvilinin sözü gürcü xalqı üçün əsasdır: 

“Prezident seçiminə gəldikdə isə artıq Gürcüstan xalqının son parlament seçkilərində öz iradəsini necə ifadə etdiyinin şahidi olmuşuq. Bu xalq Qərbin birmənalı təziqlərinə “yox” və müstəqil bir siyasətə “hə” dedi. Mənə elə gəlir ki, bu ən düzgün seçim idi. Çünki biz bundan öncə elə Azərbaycanın timsalında Qərb institutlarının, siyasi dairələrinin, sonra liderlərinin birmənalı şəkildə Azərbaycanın daxili işlərinə müdaxilə etmək istədiyini görmüşdük. Bizi müxtəlif yollarla rəngli inqilablara sövq etməyə çalışırdılar”. 

Tofiq Abbasovun fikrincə, Gürcüstan xalqı uzun müddət idi ki, Mixeil Saakaşvilinin dövründən özünəməxsus bir eksperiment meydanına çevrilmişdi. Təsadüfi deyildi ki, artıq orada 25 mindən çox qeyri-hökumət təşkilatı qeydiyyatdan keçmiş və xeyli sayda insan Qərbdən qrant, bonus alaraq ölkə daxilində Qərbin təbliğatını aparırdı. Son parlament seçkilərinə qədər və parlament seçkiləri zamanı, eləcə də, ondan dərhal sonra biz onların Gürcüstanı problemlərə necə sövq etməyə çalışdıqlarını gördük:  

“Ancaq heç nə alınmadı və sonda Gürcüstan prezidenti Salome Zurabişvili bildirdi ki, seçkilərdə məğlub olsa da, prezident kürsüsünu tərk etməyəcək. Sənin vəzifə səlahiyyətinin müddəti qutarıbsa, sən necə onu tərk etməyə bilərsən?! Yəni, bunlar özləri demokratiyadan danışıb, qanunvericiliyin  ali olmasını dilə gətirirlər amma özləri həmin o qanunvericiliyin sütunlarını laxladırlar. Bu özü artıq anti-demokratik bir gedişdir”.

Analiktik diqqətə çatdırıb ki, Gürcüstanda yeni prezidentin seçilməsi vacib hadisədir. Bütün məsələlər hamısı aydın tərzdə artıq reqlamentləşdirilib və yeni prezident də çalışacaq hökumətin siyasətinə dəstək versin. Onun özünəməxsus siyasət aparmaq kimi bir istəyi yoxdur. Əksinə, o, qüvvədə olan siyasətin tərəfdarı kimi çıxış edəcək:

“Bundan sonrakı Rusiya-Gürcüstan münasibətlərinə gəlincə isə yeni prezident Mixeil Kavelaşvili uzun müddət Rusiya futbol komandalarının tərkibində oynayıb. Rusiya onun üçün yad yer deyil. Elə başa düşürəm ki, burada, yəni Qafqazda sabitliyin bərqərar olmasında Gürcüstanda gedən proseslər də çox vacib bir rol oynayacaq. O cümlədən də prezident seçkilərinin belə azad tərzdə keçməsi də olduqca mühüm bir məqamdır. Odur ki, Gürcüstan və Azərbaycan bölgənin sabit şəkildə inkişafını davam etdirməsi üçün gərək bundan sonra Cənubi Qafqazda Ermənistanın dağıdıcı mövqələrinə qarşı öz təpərini göstərsin” .  

Qeyd edək ki, dekabrın 14-də hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının namizədi Mixeil Kavelaşvili Gürcüstanın altıncı prezidenti seçilib.

Günəş Mərd

tag: Tofiq Abbasov, Gürcüstan, Ermənistan ,Qafqaz, todaypress.az,

photo