Gürcüstan Qərblə vidalaşıb, Rusiya ilə yaxınlaşır? – POLİTOLOQ RƏYİ

Təhlil

12.06.2024 12:02

Bir müddət öncə Gürcüstanda etirazlara səbəb olan “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi qəbul edildi. 

Bəziləri rəsmi Tblisinin bu addımını onun Rusiya ilə yaxınlaşmaq istəyi kimi qiymətləndirir, bəziləri isə Osetiya və Abxaziyanı geri almaq siyasətinin bir parçası olduğunu iddia edir.  

Bu barədə TodayPress-ə danışan politoloq Oqtay Qasımovun fikrincə, sözügedən qanunun qəbul edilməsi heç də Gürcütanın Rusiyaya yaxınlaşması kimi dəyərləndirilməməlidir:  

“Gürcüstan hökuməti bu qanunu iki səbəbdən qəbul edib. Öz hakimiyyətini qorumaq, onu gücləndirmək və Gürcüstan dövlətinin milli təhlükəsizliyini təmin etmək. Bu məsələlər “Xarici Agentlər” qanunun qəbul edilməsini zəruri hala gətirib. Təbii ki, bununla bağlı Qərbdən, ABŞ-dən, Avropa İttifaqından Gürcüstana müəyyən təsirlər də oldu. Adı çəkilən qanun layihəsinin qəbul edilməməsi üçün səy də göstərdilər. Amma Gürcüstan höküməti prinsipial mövqeyindən geri dönmədi”.    

Politoloqun sözlərinə görə, bütün hallarda bu, Gürcüstan hökumətinin hazırkı dönəmdə balanslaşdırılmış bir siyasət həyata keçirməsinə hesablanmış addım kimi qiymətləndirilməlidir:

“Gürcüstan eyni zamanda Rusiya ilə münasibətlərin normal olmasını istəyir. Məhz bu normallaşma müddətində öz işğal altında olan ərazilərini yenidən geri qaytarmağı düşünür. Amma bu qanunun qeyd etdiyim məsələyə dərhal təsir edəcəyini düşünmürəm. Sadəcə olaraq hazırda Cənubi Qafqazda Rusiya və Qərb arasında geopolitik bir mübarizə gedir. Və bu mübarizənin məkanına çevrilən ölkələrdə vəziyyət kifayət qədər gərgin olur. Məsələn, Ermənistandakı vəziyyət göz önündədir. O baxımdan Gürcüstanın qısa müddət ərzində Abxaziya və Osetiyanı qaytarmağa çalışacağını düşünmürəm”. 

Allahverdi Nadiroğlu

tag: Gürcüstan, Rusiya, Avropa, Osetiya, Abxaziya, Avropa İttifaqı, Təhlil, Siyasət, todaypress.az,

photo