Gürcüstan ərazi bütövlüyünün bərpası yolunda: Tbilisi-Moskva münasibətləri kəskinləşir? – ŞƏRH
“Rusiyanın Gürcüstanda separatçılığı dəstəkləməsi, haqlı olaraq rəsmi Tbilisinin Moskva ilə münasibətlərində soyuqluq yaradır”.
Politoloq Tural İsmayılov bunu Rusiya-Gürcüstan münasibətlərini TodayPress-ə şərh edərkən deyib.
Onun sözlərinə görə, hazırda Gürcüstanın Qərb və Rusiya ilə münasibətlərində fərqli yanaşmalar mövcuddur.
"Nəzərə almaq lazımdır ki, Gürcüstanın yeni hakimiyyəti, həmçinin ölkənin Baş naziri İrakli Kobaxidze kifayət qədər vətənpərvərdir. Uzun illərdir Qərbdən Gürcüstana qarşı yönələn neoimperial təhdidləri zərərsəzləşdirən də məhz “Gürcü Arzusu - Demokratik Gürcüstan" hakimiyyəti olub. Lakin Qərb bugünə qədər rəsmi Tbilisini müxtəlif regional konfliktlərə cəlb etməyə çalışıb. Ona görə də hakimiyyətin “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini qəbul etməsinə, öz dövlətçiliyini və milli identikliyini qorumaq naminə qanunvericiliyini inkişaf etdirməsinə qarşı linç kampaniyaları həyata keçirməyə çalışırlar”.
Analitik diqqətə çatdırıb ki, Avropanın bir çox siyasi təsisatları Gürcüstanda keçirilən seçkilərin nəticəsinə kobud şəkildə müdaxilə edərək Gürcü xalqının iradəsini pozmağa çalışır. Həm də yeni seçkilərin keçirilməsi ilə bağlı Gürcüstana təzyiqlər göstərirlər. Belə olan təqdirdə, Gürcüstan hakimiyyəti çox yaxşı dərk edir ki, artıq Qərbin siyasi institutları ilə aralarına məsafə qoymalıdırlar. Bu baxımdan gələcək dövrdə Gürcüstan-Qərb münasibətlərində konfrantasiyanın daha da dərinləşəcəyi gözlənilir.
Politoloq Gürcüstanın Qərbdən uzaqlaşdıqdan sonra Rusiya ilə münasibətlərinin hansı fazada irəliləyəcəyi barədə də danışıb:
“Gürcü Arzusu” hakimiyyəti hazırda Rusiyaya qarşı çox radikal və kəskin mövqelər ifadə etmir. Lakin Gürcüstan haqlı olaraq özünün ərazi bütövlüyünü bərpa etməyi qarşısına məqsəd qoyub. Bu gün Rusiyanın Gürcüstan ərazilərindəki separatçılıq meyillərinə dəstək verməsi əlbəttə ki, Gürcüstan-Rusiya münasibətlərində soyuqluq yaradır”.
T.İsmayılov Gürcüstanın qarşıya qoyduğu əsas hədəflərdən birinin məhz ölkəni inkişaf etdirib, Azərbaycan və Türkiyə kimi qonşu ölkələrlə münasibətlərini daha yaxşı səviyyəyə qaldırmaq olduğunu bildirib.
“Ola bilsin ki, yaxın gələcəkdə separatçılarla bağlı vəziyyəti də nəzərə alaraq, Gürcüstan Rusiyada müxtəlif diplomatik əlaqələri bərpa etsin” deyə o nitqini sonlandırıb.
Qeyd edək ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze "Euronews"ə müsahibəsində Gürcüstanın Rusiya ilə diplomatik əlaqələrinin olmadığını diqqətə çatdırıb: “Rusiya ilə diplomatik əlaqələrimiz yoxdur. Rəsmi Moskva ərazi bütövlüyümüzü pozur.Abxaziya və Tsxinvali regionunun müstəqilliyinin tanınması səbəbindən diplomatik əlaqələrin bərpası müzakirə olunmur. Lakin biz praqmatik siyasət yürüdürük və bu, Rusiya ilə münasibətlərdə siyasətimizin əsas tərkib hissəsidir". Baş nazir həmçinin qeyd edib ki, Gürcüstan Rusiya ilə ticarət və iqtisadi əlaqələri saxlayır.
Töhfə Səməd
tag: Rusiya ,Gürcüstan,Ticarət,Qərb,Siyasət,Tural İsmayılov,Politoloq,Todaypress.az,
