Güneyli soydaşlarımız ayağa qalxdı: “Azərbaycan yatmayıb, kürdə torpaq satmayıb!”

Təhlil

23.03.2025 18:02

2295

“Urmu şəhərində keçirilən etiraz aksiyaları İranın siyasi hakimiyyəti üçün də bir mesaj olmalıdır”.

Politoloq Tural İsmayılov bunu Güney Azərbaycanın Urmiyada etiraz aksiyaları keçirən türklərlə bağlı TodayPress-ə danışarkən deyib.

Onun sözlərinə görə, Urmu şəhərində soydaşlarımıza qarşı baş verən hadisələr qəbuledilməzdir.

“İllərdir azərbaycanlı-türk kimliyinin çoxluğunu həzm edə bilməyən bəzi məmur və qüvvələr Urmiyanın etnik strukturunu dəyişmək üçün əllərindən gələni ediblər. Novruz bayramı ərəfəsində Azərbaycan türklərinin şəhəri kimi qəbul edilən Urmiyada separatçı PKK-PJAK bayraqlarının açılması, həmçinin müxtəlif separatçı kürd terror təşkilatları haqqında şüarlar səsləndirilməsi əlbəttə ki, soydaşlarımızın qəbul etmədiyi bir situasiyadır. Bütövlükdə Urmu gölünün qurudulması, ardınca Güney azərbaycanlı soydaşlarımızın ana dili də daxil olmaqla bir sıra elementar insani və milli hüquqlarından məhrum edilməsi onların haqlı olaraq ayağa qalxmasına gətirib çıxarıb”.

Analitikin fikrincə, Urmunun etnik koloritliyini dəyişmək üçün buraya məcburi şəkildə kürdlərin köçürülməsi siyasətinin, həmçinin soydaşlarımızın ləyaqətinə hücum xarakterli səsləndirilən şüarların qarşısı tez bir zamanda alınmalıdır. Ümumilikdə isə baş verən hadisələr İranın siyasi hakimiyyəti üçün bir mesaj olmalıdır.

Qeyd edək ki, martın 22-də səhər saatlarından etibarən Urmiyada Azərbaycan türkləri kürdlərin ərazi iddialarına qarşı etiraz aksiyası keçirməyə başlayıblar. Etirazçı güneylilər aksiyalar zamanı “Azərbaycan yatmayıb, kürdə torpaq satmayıb!” və “Azərbaycan yurdumuz, Urmiya boz qurdumuz!” şüarlarını səsləndirirlər. Hazırda mitinq iştirakçılarının sayının 500 minə yaxın olduğu bildirilir.

Töhfə Səməd

tag: Urmu ,Güney Azərbaycan,PKK,PJAK ,Kürd,Terror,todaypress.az,

photo