Güc mərkəzinə çevrilən TDT-nin TURAN ORDUSU - ŞƏRH
Təhlil
10.07.2024 12:43
İyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə Görüşündə Qarabağ Bəyannaməsi imzalandı. Bəyannamədə qeyd olunan məsələrdən biri də üzv dövlətlərin milli qanunvericiliyinə uyğun olaraq müdafiə sənayesi sahəsində birgə fəaliyyətin davam etdirilməsi niyyətləri bir daha vurğulanır və bu xüsusda lazımi tədbirlərin görülməsi üçün üzv dövlətlərin aidiyyəti qurumlarına tapşırıq verilməsi əksini tapır.
Hərbi ekspert Ədalət Verdiyev bu barədə TodayPress-ə danışarkən bildirib ki, hazırda Türkiyənin artan müdafiə potensialı digər ölkələrlə birgə istehsalın təşkili üçün münbit şərait yaradır:
“Artıq bu proseslər Azərbaycan, Qazaxıstan və Özbəkistanda da həyata keçirilir. Hətta bu ilin sentyabrında Bakıda keçiriləcək "ADEX" V Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində biz bəzi türk şirkətləri tərəfindən birgə istehsal olunan məhsullar ilə tanış olacağıq. Ümumilikdə isə həm hərbi, həm ikili təyinatlı müdafiə sənayesi məhsulların ixracını isə yaxın üç il ərzində görəcəyik”.
Ekspertin sözlərinə görə, İkinci Qarabağ savaşında əldə olunan qələbədən sonra yaradılan və daha əvvəl türkdilli dövlətlərin Şurası kimi fəaliyyət göstərən TDT getdikcə öz imkanlarını daha da genişləndirəcək:
“İstənilən halda TDT böyük bir güc mərkəzinə çevriləcək və dünyanın bir çox beynəlxalq təşkilatları TDT ilə hesablaşmalı, onunla əməkdaşlıq etməkdə maraqlı olacaqlar.
Orta Asiya, Cənubi Qafqaz və Türkiyənin getdikcə artan nüfuzu həm də Avropa və digər Asiya ölkələrinin də TDT-də müşahidəçi kimi iştirakını şərtləndirir. Getdikcə daha çox ölkənin üzv olacağı TDT-nin əməkdaşlıq sferasını daha da genişləndirəcəyi də gözləniləndir”.
Günəş Mərd
tag: TDT, Turan Ordusu, İkinci Qarabağ Savaşı, Orta Asiya, Cənubi Qafqaz, Türkiyə, todaypress.az,