Gözlər Moskvada: 9 May paradında terror təhlükəsi QİYMƏTLƏNDİRİLDİ

Təhlil

05.05.2025 16:05

28

“Ukrayna 9 May paradında terror aktı törətməyə çalışmayacaq, amma legitim hərbi hədəfləri vura bilər”. 

Politoloq Natiq Miri bunu mayın 9-da Moskvada keçiriləcək hərbi parad öncəsi təhlükəsizlik məsələləri ilə bağlı yaranan təhdidlər haqqında TodayPress-ə danışarkən deyib.   

Onun sözlərinə görə, Ukrayna ilə Rusiya arasındakı əsas fərqlərdən biri də müharibədə məhz hansı vasitələrə üstünlük verilməsidir:   

“Ukrayna dövləti və ordusu terrorçu üsullarla fəaliyyət göstərmir. Onlar mülki şəxslərin hədəfə alınmasına qarşı prinsipial mövqe nümayiş etdirir. Bu baxımdan Ukraynanın 9 May paradı zamanı, xüsusilə də mülki əhalinin olduğu bir məkan və zamanda terror aktı törədəcəyini gözləmirəm”.   

Analitik vurğulayıb ki, Rusiya Ukraynaya qarşı apardığı hərbi əməliyyatlarda dəfələrlə mülki infrastruktur obyektlərini, yaşayış binalarını, uşaq və qadınları hədəfə alıb. Bu, artıq sadəcə müharibə cinayəti deyil, açıq şəkildə terror xarakteri daşıyan addımlardır. Ukraynanı bu prizmadan ittiham etmək isə tamamilə əsassızdır. 

“Ukrayna parad zamanı hücum etməsə də, bu tarixə qədər, yəni paraddan əvvəl müəyyən hərbi obyektlərə qarşı zərbələrin endirilməsi mümkündür. Rəsmi Kiyevin istər dron, istərsə də raket texnologiyası imkan verir ki, Rusiya ərazisində, hətta Moskva və ətrafında yerləşən hərbi hədəflərə zərbə endirə bilsin. Əgər bu hədəflər hərbi strukturlardırsa, bu zaman onlar beynəlxalq hüquq baxımından legitim hədəflər sayılır və buna görə Ukrayna heç bir beynəlxalq təzyiqlə üzləşməməlidir”. 

Politoloqun fikrincə, paraddan öncə baş verə biləcək belə hücumlar Rusiya üçün yalnız hərbi yox, həm də siyasi məna daşıyır: 

“Əgər Qələbə paradına dəvət olunmuş ölkələrin liderləri Moskvada təhlükəsizliklə bağlı narahatlıq hiss edərlərsə, onların tədbirdə iştirakdan imtina etməsi mümkündür. Bu isə Rusiya üçün ciddi diplomatik fiasko deməkdir. Lakin unutmaq lazım deyil ki, Ukraynanın əsas məqsədi mülki əhalinin zərər görməməsini təmin etmək şərti ilə, Rusiya üzərində həm hərbi, həm də psixoloji üstünlük qazanmaqdır”.

Qeyd edək ki, mayın 9-da faşizm üzərində Qələbənin 80-ci ildönümü münasibətilə Rusiyada parad keçiriləcək. Bir sıra ölkə başçıları və rəsmilərinin iştirak edəcəyi tədbirdə təhlükəsizlik əsas müzakirə mövzusudur.   

Üç ildən çoxdur ki, davam edən Rusiya-Ukrayna müharibəsinin mövcudluğu və tərəflər arasında davamlı təhdidlər fonunda bəzi ölkə nümayəndələrinin Moskvaya gəlməkdən imtina edəcəkləri gözlənilir.   

Töhfə Səməd

tag: Natiq Miri,Politoloq,Rusiya,Parad,Todaypress.az,

photo