Gözlənilən görüş, böyük gözləntilər: Rusiya-Ukrayna savaşında nə dəyişəcək?

Təhlil

12.05.2025 18:10

114

“Türkiyədə keçirilməsi gözlənilən Rusiya-Ukrayna görüşündən gözləntilər kifayət qədər böyükdür”.

Politoloq Rəşad Bayramov bunu TodayPress-ə danışarkən deyib.

O, Türkiyənin həm Rusiya, həm də Ukrayna ilə münasibətlərinin, eləcə də 2022-ci il təcrübəsinin danışıqlarda müəyyən razılşamaların olacağına dair ümidləri artırdığını bildirib:

“Məlumdur ki, Türkiyənin vasitəçiliyi ilə 2022-ci ildə İstanbulda Rusiya və Ukrayna nümayəndələri arasında keçirilən görüşlərdə əsir mübadiləsi və “Taxıl dəhlizi” kimi mühüm razılaşmalar əldə edilib. Eləcə də müharibənin tam dayandırılmasına dair “İstanbul razılaşması” adlı sənəd hazırlanıb. Həmin vaxt Ukraynanın NATO üzvlüyündən imtinası, əvəzində beynəlxalq təhlükəsizlik zəmanəti alması, Krımın status məsələsinin 15 il müddətinə təxirə salınması, Donbasa xüsusi status verilməsi və s. məsələlərə dair danışıqlar aparılmışdı. Lakin Qərbin də müdaxiləsi ilə həmin vaxt aparılan danışıqlar sülh sazişinin bağlanması ilə nəticələnmədi. Sonra isə Rusiya tərəfindən irəli sürülən şərtlər ağırlaşdı”.

Ekspert xatırladıb ki, Rusiya prezidenti Vladimir Putin 2024-cü il iyunun 14-də Rusiya Xarici İşlər Nazirliyinin rəhbərləri ilə görüşü zamanı danışıqların bərpası üçün bir sıra ilkin şərtlər irəli sürüb:

“Moskva Kiyevdən öz əraziləri kimi tanıdığı bölgələrdən qoşunlarını çıxarmasını, NATO-ya üzvlük planlarından imtina etməsini, bloklara qoşulmayan, nüvəsiz və neytral dövlət status qəbul etməsini tələb etdi. İndi isə Putin Türkiyədə hər hansı ilkin şərt olmadan danışıqlara başlanılmasını təklif edir. Düşünürəm ki, Putinin birdən-birə belə bir təkliflə çıxış etməsi təsadüfi deyil. Məlumdur ki, Putinin müvafiq təklifindən bir neçə gün əvvəl ABŞ prezidenti Donald Trampla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı oldu. Həmin vaxt Tramp Ərdoğandan Rusiya-Ukrayna müharibəsinin başa çatması üçün birgə təşəbbüslərlə çıxış etməyi xahiş etmişdi. Ərdoğan isə öz növbəsində bölgədə sülh və sabitliyin təmin olunması üçün bütün lazımi dəstəyi verməyə hazır olduğunu bildirmişdi. Bunun ardınca Türkiyə XİN rəhbəri Hakan Fidan müharibənin dayandırılması istiqamətində yenidən diplomatik səylərini artırmağa hazır olduğunu bildirdi. Böyük ehtimalla, Türkiyə tərəfi Trampla danışıqdan sonra rəsmi Kremllə bu məsələni müzakirə edib və nəticədə Putin tərəfindən müvafiq təklif ortaya çıxıb”. 

Analitikə görə, Putinin təklifindən dərhal sonra ABŞ-nin də bu təklifi dəstəkləməsi və Ukraynanı da təkliflə razılşmağa çağırması onu deməyə əsas verir ki, Avropanın ayrı-ayrı dövlətlərinin prossesə müdaxiləsi olmayacaqsa, baş tutacaq danışıqlarda mövqeləri az da olsa yaxınlaşdırmaq üçün ümidlər var:

“Fransa, Almaniya və Böyük Britaniya danışıqlara başlamaq üçün Trampın əvvəl təklif etdiyi 30 günlük tam atəşkəsin vacib olduğunu bəyan ediblər. Rusiya isə bu məsələyə isti baxmır və hər hansı ilkin şərt olmadan danışıqlara başlamaqda israr edir. Nəticənin nə olacağını zaman göstərəcək. Amma əgər danışıqlar baş tutacaqsa, bu, bir qism məsələlərlə bağlı müəyyən razılşamaların əldə edilməsinə imkan verəcək. Tərəflərin mövqelərinin bir-birindən çox uzaq olduğunu nəzərə alsaq, danışıqların çətin olacağını və uzun bir dövrü əhatə edəcəyini deyə bilərik”.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin mayın 11-də Ukraynaya 15 may tarixindən etibarən İstanbulda birbaşa sülh danışıqlarına yenidən başlamağı təklif edib. 

Qiymət Mahir

tag: Rəşad Bayramov,Politoloq,Rusiya,Ukrayna,Todaypress.az,

photo