“Göz yaşları içində hayqırtılarını gördüm”: “Demokratiya”nın beşiyində boğulan Kaledoniya - RƏY
Təhlil
02.01.2025 14:36
“Bu gün dünya xəritəsindəki ölkələri öz adları ilə çağırırıq, amma onlar öz siyasi iradələrinin təmsilçiləri deyillər, eyni zamanda azad və müstəqil də deyillər”.
Millət vəkili Zahid Oruc bunu, TodayPress-ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycanın xarici siyasət kursunda önə çıxan xəttlərdən biri də neokolonializm sistemlərinə, onları yaradan dövlətlərə qarşı mübarizədir. Məhz ona görə də Bakı Təşəbbüs Qrupu formalaşıb:
“Uzun illər Qarabağdakı separatçıların orada həyata keçirdikləri bütün tədbirlərini sadalayır, onların saxta dövlət quruculuğu siyasətini, Azərbaycanın gücünü sarsıtmaq, özünə tabe etdirmək istədiklərini deyirdik. Onlara edilən hərbi, maliyyə, iqtisadi yardımları ifşa edirdik. Həmin dövlətlər isə deyirdilər ki, siz nə danışırsınız? Biz Qarabağdakı ermənilərin hüquqlarını müdafiə edirik.
Onlar eyni arqumentləri Yeni Kaledoniyaya, Korsikaya və Mikroneziyaya da gətiriblər. Qvineyanın adının önünə Fransanı əlavə edib, dövlətin adında Fransanın adını bərqərar ediblər. Sakit və Hind Okeanının çəvrəsindəki kiçik ada dövlətlərinin hamısını əsarətə alırlar.
Mən Kaledoniyadan olan təmsilçilərin göz yaşları içində hayqırtılarını görmüşəm. Bu insanların üzərinə basqı etdilər və axırıncı üsyanlardan sonra 14-ə yaxın insanı qətlə yetirdilər. Yüzlərlə adama xəsarət yetirdilər. Onların Azərbaycana edilən səfərlərinə qarşı qadağalar, sanksiyalar tətbiq etdilər. Təyyarə reyslərini dəyişdirib, biletlərini ləğv etdilər. Axı bunlar demokratiyanın təbliğatını aparırdılar?! Necə olur ki, Kaledoniyaya çatanda bu hüquq bitir, Monteskyönün nəzəriyyələri Kaledoniyada işləmir?!”.
Parlamentari vurğulayıb ki, indi Rəsmi Paris Yeni Kaledoniyada bütün sənət əsərlərini, ədəbiyyatı saxtalaşdırıb, qeyri-milli Fransa sisteminin dominantlığı altına alıb. Dil tamamilə məhv edilib. Azərbaycan, Türkiyə, Rusiya və bir çox dövlətlər buna görə Fransanın müstəmləkəçi siyasətinə qarşı üsyan edirlər. Artıq Afrika qitəsində bunun real nəticələri də var. Konqodan başlayaraq Keniyaya qədər hamısında neokolonializmə qarşı etirazlar baş verir:
“Afrika qitəsi ilə bağlı bir araşdırma apardım. Məlum oldu ki, orada ildə əsarət rejimlərindən 5 milyard dollara yaxın vəsait qazanılır. Okeaniyaya çıxış sadəcə geosiyasi üstünlük deyil. Okean sərvətdir. Bu ərazilərə əlini uzadıb onların vasitəsilə daha çox onların iqtisadi resurslarını sümürmək imperializm deyilsə, bəs nədir?” .
Z.Oruc sonda diqqətə çatdırıb ki, Bakı neomüstəmləkəçilik siyasətinə qarşı mübarizəsini davam etdirəcək. Onun sözlərinə görə, digər dövlətlər də bu siyasətə məruz qalan xalqların səsinə səs versə, onlara dəstək olsa onda aparılan haqqlı mübarizə məntiqi sonluqla tamamlanacaq.
Günəş Mərd
tag: Zahid Oruc,Millət vəkili ,Bakı ,Afrika,Qitə,Neokolonializm ,Todaypress.az,