Geri sayım başladı: İran ABŞ ilə müharibəyə hazırlaşır? – ŞƏRH

Təhlil

31.03.2025 16:00

1609

“ABŞ-nin İranı birbaşa hədəf alması ehtimalı azdır”.

Politoloq Samir Hümbətov bunu İran və ABŞ arasındakı hazırkı gərginliyi TodayPress-ə şərh edərkən bildirib. 

“ABŞ bu qədər rahatlıqla İranı vura bilməz. İran nə İraq, nə də Əfqanıstandır. Onun ordusu güclüdür və ciddi müqavimət göstərə bilər. Bundan əlavə, ABŞ İrana hərbi müdaxilə etmək istəsə, əvvəlcə Rusiya və Çinlə müəyyən razılığa gəlməlidir"o vurğulayıb.

Politoloq əlavə edib ki, İranın yaxın günlərdə ABŞ-ni raketlə vuracağı ilə bağlı iddialar bu iki ölkənin arasındakı qarşıdurmanın sadəcə bir parçasıdır. Ekspertin sözlərinə görə, müəyyən silahlı qruplar vasitəsilə  qarşıdurmalar yaşana bilər, amma tərəflər arasında tammiqyaslı müharibə hazırda real görünmür. 

Politoloq Elçin Xalidbəyli isə İran və ABŞ arasında müharibənin başlayacağını ehtimal edir.

“Əgər siyasi, diplomatik təmaslardan pozitiv nəticələr çıxmasa, o zaman Amerika Birləşmiş Ştatları İranla bağlı məsələni hərbi yolla həll edəcək. Bu da o deməkdir ki, İran rəhbərliyi ya ABŞ-nin nüvə proqramından imtina edəcək, ya da müharibə başlayacaq. Münaqişə baş verərsə, bütün dünyaya təhlükə yaranacaq. Çünki ABŞ-İran savaşının baş verməsi yalnız bu iki dövləti deyil, bütövlükdə dünyanı maraqlandıran məsələdir. O cümlədən ABŞ-İran müharibəsi real hərbi, siyasi, iqtisadi istiqamətlər üzrə olduqca ciddi təhdiddir”.

Qeyd edək ki, ABŞ və İran arasında uzun müddətdir davam edən gərginlik son aylarda daha da artıb. İran ABŞ prezidenti Donald Trampın təhdidləri fonunda raket sistemlərini həyəcan vəziyyətinə gətirib. Bildirilib ki, hazırda yeraltı hərbi bazaların yerləşdiyi bütün şəhərlərdə buraxılış qurğularının hazırlanır. ABŞ Prezidenti Donald Tramp isə bundan öncə İranın nüvə proqramı ilə bağlı razılığa gəlmədiyi təqdirdə bombalanacağı barədə xəbərdarlıq edib.

Türkan İsgəndərli

tag: Samir Hümbətov,Elçin Xalidbəyli,Politoloq,ABŞ,İran,Todaypress.az,

photo
photo