Fransanın neokolonial siyasətindən əziyyət çəkən Korsika: Pontifikin bölgəyə səfəri nəyi dəyişəcək? - ŞƏRH
Təhlil
11.12.2024 17:30
“Hər
hansısa dini simanın və ya Avropadan gələn siyasi xadimin Korsikaya səfəri o
zaman öz nəticəsinə çatmış olar ki, burada reallıq və ədalət meyarlarına xidmət
olunsun”.
Bunu TodayPress-ə danışan politoloq
Tural İsmayılov deyib. Onun sözlərinə görə, Fransanın tarix boyu apardığı
neokolonial siyasət nəticəsində Korsika cəmiyyəti böyük acılar və ağrılar
yaşayıb.
“Bu
gün də Makron hakimiyyəti haqsız formada orada öz mövcudluğunu davam etdirir.
Həm də ada sakinləri istər etnik, istərsə də milli düşüncə cəhətdən Fransa ilə
heç bir aidiyyatı olmayan xalqdır. Məhz buranın tarixi keçmişi də Fransanın
istismarçı siyasətinin Avropadakı məntəqələrindən biri kimi xarakterizə edilə
bilər”.
Analitikin
fikrincə, Roma Papasının Korsikaya səfərində hər hansısa xüsusi bir nəticə əldə
edilməyəcək. Çünki orada ada sakinlərinin haqq səsinə səs verəcək və yaxud da
ümumiyyətlə insan haqları məsələsini qaldıracaq bir vəziyyət müşahidə
edilməyəcək.
“Avropa
Parlamenti və AŞPA kimi saxtakar təşkilatların heç birində bu günə qədər nə
Fransa tərəfindən Korsikada həbsə atılan fəallarının məsələləri ilə bağlı rəsmi
Parisə etiraz edilib, nə də onların taleyi məsələsi bu platformalarda
qaldırılıb” deyə o, əlavə edib.
Bununla
yanaşı, ekspert məsələnin müsbət tərəflərinə də diqqət yetirib. Onun
qənaətincə, ola bilsin ki, korsikalılar arasında hansısa bir niyyət sorğusu
həyata keçirilsin. Çünki korsikalılar etnik baxımdan italyanlara daha
yaxındırlar. Onlar Etruskların törəmələrindən hesab edilir. Hətta gələcəkdə
İtaliyanın Korsikadakı mövcudluğuna daha kəskin etiraz etməsi gözləniləndir.
Həmçinin Roma Papasının səfəri zamanı İtaliyanın müəyyən fikirləri burada
səslənə bilər.
Məlum
olub ki, dekabrın 15-də Roma Papası Korsikaya səfər etməyi planlaşdırır. Buna
əsasən Bakı Təşəbbüs Qrupu (BTQ) Müqəddəs Papa Fransisk Apostolikə məktub
ünvanlayaraq Korsikanın dekolonizasiyası prosesinə dəstək üçün müraciət
edib.
Töhfə
Səməd
tag: Avropa,Korsika,Tural İsmayılov,Fransa,Makron,Roma Papası,todaypress.az,