Fransanın leşyeyən siyasəti - Növbəti hədəf Ukraynadır? - ŞƏRH
Təhlil
19.10.2024 16:00
“Fransa xarici işlər nazirinin Kiyevdə səfərdə olması və mövcud münaqişə ilə bağlı səsləndirdiyi bəyanatlar belə bir təəssürat yaradır ki, guya Paris Ukraynanı ən çox müdafiə edən ölkələrdən biridir. Amma faktiki olaraq biz deyə bilərik ki, ən az dəstəyi məhz elə Makronun höküməti verir”.
Bunu TodayPress-ə verdiyi açıqlamada politoloq Oqtay Qasımov deyib. Onun sözlərinə görə, artıq 3-cü ilinə yaxınlaşan Rusiya-Ukrayna müharibəsində Fransanın etdiyi ümumi yardımın miqdarı 1 milyard ABŞ dollarını ötməyib ki, bu özü ciddi mətləblərdən xəbər verir:
“Fransanın hazırkı addımları bu savaşı qızışdırmaq və daha çox təxribatçı fəaliyyətlərlə məşğul olmaq kimi dəyərləndirilməlidir. Bir müddət öncə, Makron bəyan etmişdi ki, guya o, əsgərlərini Ukrayna savaşına göndərə bilər. Amma nəticədə məlum oldu ki, hansısa ciddi bir dəstəkdən və ya köməkdən söhbət getmir. Sadəcə olaraq, ara-sıra müəyyən miqdarda silah-sursat göndərməklə daha çox ictimai rəyi çaşdırmaq məqsədi güdür”.
Analitik Ukraynanın NATO-ya üzvlüyü məsələsinə də diqqət çəkib. Bildirib ki, bu, kifayət qədər ciddi məsələdir. Lakin Ukraynanın hazırkı vəziyyəti buna imkan vermir. Çünki NATO-nun özünün qaydaları var. Bu qaydalara görə ərazisi işğal altında olan, yəni ərazi bütövlüyü təmin olunmayan ölkənin NATO üzvlüyü mümkün deyil:
“Fransa hesab edir ki, bu addımları atmaqla o, Rusiyaya qarşı savaş açmış sayılır. Çünki Fransa Afrika uğrunda mübarizədə Rusiyaya ciddi şəkildə uduzub. Vaxtilə Fransa koloniyaları olmuş dövlətlərin əksəriyyətində Rusiyanın nüfuzu möhkəmlənib və Fransa həmin ölkələrdən sıxışdırılıb, çıxarılıb. Buna görə də, Fransa həm Qara Dənizdə, həm də Cənubi Qafqazda Rusiyadan bunun əvəzini çıxmaq istəyir. Rəsmi Parisin imkanları və təxribatçı hərəkətləri daha çox gərginliyin davamına hesablanıb”.
Təbiətdə Fransa dövlətinin hərəkətlərinin eynisini leşyeyən qarğalar həyata keçirir. Daha zəif, yaralı və ya ümumiyyətlə ölmüş heyvanları əvvəlcə nəzərdən keçirir, daha sonra isə ətrafın təhlükəsizliyindən əmin olub hücuma keçir. Digər quşlardan fərqli olaraq, bu quşlar leşin yerini daha tez müəyyən edə, hətta öz cinsindən olanları da yeyə bilirlər.
Politoloqun qənaətincə, Ukrayna tərəfi vəziyyətinin ağır olmasına baxmayaraq, Fransanın bu yalançı vədlərinə aldanmayacaq. Çünki Fransanın son 4 ildə Cənubi Qafqazda təxribatçı fəaliyyətlərinin heç bir fayda vermədiyinin hər kəs fərqindədir.
Qeyd edək ki, Fransa XİN başçısı Kiyevdə iki günlük səfərdədir.
Töhfə Səməd
tag: Fransa, Ukrayna, Siyasət,Kiyev, ABŞ, Oqtay Qasımov, todaypress.az,