Fransa gərginləşən Avropa-ABŞ münasibətlərində “pusquda”: Paris qitədə hökmranlıq edə biləcək?
“Fransanın məqsədi Avropanın Amerika Birləşmiş Ştatları ilə münasibətlərinin gərginləşdiyi vaxtda Avropa üzərində öz ağalığını genişləndirməkdir”.
Siyasi ekpsert Azər Həsrət bunu TodayPress-ə danışarkən deyib.
O, Fransa prezidenti Emmanuel Makronun Avropanın bir parçası olan Ukraynanın müdafiəsi məsələsində səmimi olmadığını bildirib:
“Biz Fransanı yetərincə yaxşı tanıyan ölkəyik, çünki Ermənistanı da Azərbaycanla münaqişəyə təşviq edən ölkədir. Fransa prezidenti Emmanuel Makron vəziyyət real işə gələndə heç bir addım atmır. Son onilliklərdə fransalı əsgərlər dünyanın harasındasa silahlı qarşıdurmalarda tərəflər arasında sülh yaradıb? Yaxud da, haqlı olanın tərəfində dayanıb ədalətsizliyi aradan qaldırmağa kömək edib? Əlbəttə, yox. Sadəcə olaraq, Fransa Avropa İttifaqının (Aİ) hazırkı durumundan özü üçün sui-istifadə etməyə çalışır. Avropa İttifaqı üzvü olan ölkələrin əksəriyyətinin normal ordusu yoxdur, yaxud da olan ordularının gücü yetərincə deyil. Bir neçə dövlətin, o cümlədən Fransanın nisbətən daha hazırlıqlı, çoxsaylı şəxsi heyyəti, silah və texnikası olan ordusu var”.
Ekspertə görə, Fransanın istəyi Avropanın ABŞ ilə münasibətləri gərginləşdiyi vaxtda qitədə önə çıxıb öz ağalığını genişləndirməkdir:
“Makron Avropada ölkəsini önə çıxarıb, nisbətən kiçik dövlətləri öz çətiri altına yığaraq “Qitənin ağası mənəm” demək istəyir. Fransanın bu davranışı nə eskalasiyaya səbəb olacaq, nə də qeyri-adi vəziyyət yaradacaq. Fransa istədiyinə nail ola bilməyəcək”.
Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron Rusiyanı Avropa üçün təhlükə adlandıraraq müdafiəni gücləndirməyə və nüvə çətirini Avropa İttifaqında genişləndirməyə çağırıb. Müdafiə naziri Sebastyan Lekornu bu mövqeyi dəstəkləyərək əlavə hərbi texnika və maliyyə tələb edib. 50,5 milyard avroluq illik müdafiə büdcəsinin artırılması Aİ və vətəndaşların maliyyə resursları hesabına planlaşdırılır.
Qiymət Mahir
tag: Fransa,Paris,ABŞ,Avropa,Azər Həsrət,Təhlil,todaypress.az,