Fərqli çəki, əvəzolunmaz tərəfdaşlıq: “Rəsmi Pekin bunu anlayır…” – ŞƏRH

Təhlil

24.04.2025 18:00

15

“Çinin ən böyük qayğısı yük daşımalarında yaşıl dəhlizlərə çıxış tapmaqdan ibarətdir”.

Politoloq Tofiq Abbasov bunu TodayPress-ə açıqlamasında deyib. 

Onun sözlərinə görə, Şimal Dəhlizi hazırda bağlıdır, Rusiya-Ukrayna müharibəsi fonunda İran ətrafında risklər mövcuddur və bu şəraitdə Çin üçün ən əlverişli istiqamət Orta Dəhlizdir.

Ekspert qeyd edib ki, Zəngəzur dəhlizi istifadəyə verildikdən sonra Orta Dəhlizin potensialı daha da artacaq:

“Çin bu istiqamətdə Azərbaycanı dəstəkləyən əsas oyunçulardandır. Ərazilərimizin işğal dövründə də Pekin Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyirdi. Azərbaycan da eyni şəkildə Çinin ərazi bütövlüyünə hörmətlə yanaşır. Ümumiyyətlə, Bakı ilə Pekin arasında siyasi dialoq sağlam və dinamik şəkildə inkişaf edir, münasibətlər qarşılıqlı hörmət və fundamental prinsiplər əsasında güclənir”.

T. Abbasov əlavə edib ki, Azərbaycan yalnız tranzit ölkəsi rolunda çıxış etmir, həm də bu marşrutlar ətrafında infrastrukturun qurulmasına ciddi şəkildə səy göstərir. 

“Bu, ölkəyə həm iqtisadi artım, həm də diversifikasiya imkanları gətirir, yeni müəssisələrin açılması, iş yerlərinin genişləndirilməsi kimi perspektivlər yaradır. Çin kimi investisiya qabiliyyətli ölkənin Azərbaycana bu qədər yaxın olması mühüm üstünlükdür. Çəkilərimiz fərqli olsa da, Çin üçün əvəzolunmaz tərəfdaşıq. Rəsmi Pekin bunu anlayır və daim diqqət göstərir. Çin heç vaxt tələskənlik göstərməyən dövlətdir. 1992-ci ildən bəri münasibətlərimiz inkişaf edir və artıq strateji tərəfdaşlıq səviyyəsinə çatmışıq” deyə analitik vurğulayıb.

Politoloqun fikrincə, multimodal daşımaların inkişafı ilə Uzaq Şərqdən Avropaya daşımaların sürəti artır, vaxt itkisi azalır və maya dəyəri aşağı düşür və bu da Azərbaycanın tranzit əhəmiyyətini artırır. O həmçinin əlavə edib ki, Ələt Dəniz Limanının genişləndirilməsi və bu layihədə Çin şirkətlərinin iştirakı bu əməkdaşlığın konkret təzahürüdür.

“Prezident İlham Əliyevlə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında aparılan müzakirələr də sübut edir ki, ölkələr arasında münasibətlər dərin və davamlıdır. Biz yalnız irəliyə baxırıq və qarşılıqlı istəklər üzərində bu əməkdaşlığı genişləndiririk” deyə ekspert fikrini yekunlaşdırıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin Çinə səfəri çərçivəsində aprelin 23-də Azərbaycan və Çin hökumətləri arasında beynəlxalq multimodal daşımalar haqqında saziş imzalanıb.

Sənədi Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Çinin nəqliyyat naziri Liu Vey imzalayıblar. 

Qiymət Mahir

tag: Tofiq Abbasov,Politoloq,Azərbaycan,Çin,Todaypress.az,

photo