Ermənistanın Konstitusiyası revanşizmi necə gücləndirir? – ŞƏRH
“İkinci Qarabağ müharibəsindən sonra Ermənistanda revanşist mövqedə olanların sayı olsa da, sürətli silahlanma fonunda bu mövqe xeyli güclənib. Bu bir daha sübut edir ki, Ermənistanın ölümcül silahlarla təchiz edilməsi regionda yeni gərginlik ocaqlarının yaranmasına xidmət edir”.
Politoloq Rəşad Bayramov bunu TodayPress-ə açıqlamasında deyib.
O, Ermənistan Konstitusiyasındakı ərazi iddialarının və silahlanma prosesinin regiona təsirinə diqqət çəkib:
“Bir məqamı da unutmamaq lazımdır ki, revanşist baxışların üstünlük təşkil etdiyi ölkənin əsas qanununda – Konstitusiyasında hələ də Azərbaycana qarşı ərazi iddiaları qalır. Bu da revanşist mövqenin güclənməsinə birbaşa təsir göstərir”.
Ekspert Ermənistanı silahlandıran xarici qüvvələrin məqsədinə diqqət çəkib:
“Əslində, Ermənistanı silahlandırmaqda maraqlı olan qüvvələrin məqsədi bölgədə gərginliyin davam etməsidir. Bu fonda onlar Cənubi Qafqazdakı maraqlarını təmin etməyə çalışırlar. Digər tərəfdən, bu, Ermənistanı özlərindən daha çox asılı vəziyyətə salmaq üçün atılan addımdır. Şübhəsiz ki, bu silahlar Ermənistana qarşılıqsız verilmir. Hər bir silah tədarükü və maliyyə yardımı İrəvanın üzərinə müəyyən öhdəliklər qoyur. Başqa sözlə, Avropa İttifaqı Ermənistanı “Sülh Fondu” vasitəsilə silahlandırmaqla əslində öz maraqlarını təmin edir. Ermənilər anlamırlar ki, verilən bu silahlar ölkənin təhlükəsizliyini təmin etmək üçün yox, onları silahlandıran tərəflərin maraqları naminə verilir. Hindistan da daxil olmaqla, Ermənistanı silahlandıran bütün qüvvələr bu fəaliyyəti öz siyasi və iqtisadi maraqları çərçivəsində həyata keçirirlər”.
Analitik bu silahlanma fonunda baş verə biləcək istənilən gərginliyə görə məsuliyyətin təkcə Ermənistanın deyil, onu silahlandıranların da üzərinə düşəcəyini bəyan edib. O, hesab edir ki, yaranacaq yeni qarşıdurma Ermənistan üçün fəlakətli nəticələrə gətirib çıxaracaq.
Qeyd edək ki, aprelin 9-da Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda çıxışı zamanı bildirib ki, Ermənistanın “yeni dostları” onu yeni, ölümcül silahlarla təmin edirlər. Bu isə regionda heç də sülhə və sabitliyə xidmət etmir.
Qiymət Mahir
tag: Rəşad Bayramov,Politoloq,Ermənistan,Azərbaycan,Todaypress.az,
