Ermənistanın “güc şou”su: İrəvanın təxribatı nəyə hesablanıb? - POLİTOLOQ AÇIQLAMASI

Təhlil

12.09.2024 12:10

“Biz növbəti dəfə Ermənistanın təxribat siyasəti ilə qarşı-qarşıyayıq. Rəsmi İrəvan və regionda sabitliyi pozmaq istəyən qüvvələr bununla da təhrikedici fəaliyyət göstərirlər. Hesab edirlər ki, atəşkəsi pozmaqla Azərbaycanı daha sərt addımlar atmağa məcbur edə bilərlər”. 

Bunu politoloq Sədrəddin Soltan, sülh danışıqları fonunda Ermənistan silahlı qüvvələrinin Naxçıvan istiqamətindəki mövqelərimizi yenidən atəşə tutmasını TodayPress-ə şərh edərkən deyib.

Onun sözlərinə görə, Ermənistan çalışır ki, müharibədən sonra ordusunun yerlə-yeksan olan etibarını yenidən bərpa etsin:

“Rəsmi İrəvan bununla da sübut etməyə çalışır ki, onun ordusu var və müharibədəki məğlubiyyətə baxmayaraq hazırda onlar dirçəlib. Həmçinin 44 günlük savaşdan sonra Ermənistan Fransa və Hindistandan külli miqdarda silah-sursat, hərbi avadanlıq alıb. Onları sınaqdan keçirmək üçün özlərinə alternativ variant kimi Naxçıvan və digər istiqamətlərimizi görürlər”.

Analitikin fikrincə, hazırda Ermənistan hakimiyyəti və xalqı arasında ciddi çaxnaşmalar, qarşıdurmalar yaşanır. Əhali arasında hökumətə inamsızlıq, orduya qarşı ruh düşkünlüyü mövcuddur. Paşinyan administrasiyası müxtəlif vaxtlarda təxribatlar həyata keçirərək həmin atmosferi dağıtmaq niyyətindədir. Bu sadəcə Ermənistanın "güc şou"sudur. 

Qeyd edək ki, sentyabrın 12-si saat 00:15-dən 01:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Paşalı rayonunun Horadis yaşayış məntəqəsi istiqamətindəki mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Töhfə Səməd

tag: Azərbaycan ,Ermənistan, Sədrəddin Soltan, İrəvan ,Fransa ,Hindistan ,Silah ,todaypress.az,

photo