Ermənistanın Araz terroru: EKOLOJİ GƏRGİNLİYİN BİR ADDIMLIĞINDA

Təhlil

09.04.2025 17:25

93

"Azərbaycanın əsas su mənbələrindən olan Araz çayı Ermənistan tərəfindən ciddi şəkildə çirkləndirilir. Nəticədə, çay vasitəsilə Azərbaycana daxil olan sular kənd təsərrüfatına, ətraf mühitə və insan sağlamlığına təhlükə yaradır".

Ekoloq Sadiq Həsənov bunu TodayPress-ə danışarkən bildirib.

Onun sözlərinə görə, Ermənistan Araz çayını həm radioaktiv, həm də kimyəvi tullantılarla çirkləndirir.

Çirklənmənin əsas mənbəyi Metsamor Atom Elektrik Stansiyası və Zəngəzur bölgəsindəki mədən zavodlarıdır:

"Həmin stansiyada elektrik istehsal etmək üçün bir neçə dəfə istifadə edilən çirklənmiş su dəyişdirilir. Bu sular müəyyən dövrdən sonra Araz çayına axıdılır. Kimyəvi tərkibli çirkli sular suyun radioaktiv fonunu artırır. Ermənistanın Qafan, Qacaran, Mehri və Dastakertdə yerləşən dağ-mədən zavodları da Araz çayını çirkləndirən əsas obyektlərdəndir. Zavodlarda mis və molibden kimi metalları emal edərkən suya müxtəlif kimyəvi maddələr əlavə olunur. Bu çirkli sular Oxçu çayına, oradan isə Araz çayına axıdılır".

Ekoloq bildirib ki, həmin ərazilərdə metal elementlərin miqdarı normadan 20-25 dəfə, fenollar və digər kimyəvi maddələr isə 500 min dəfəyə qədər artıb. Onun sözlərinə görə, Ermənistanın Araz çayını çirkləndirməsinə qarşı hüquqi təzyiq imkanları məhduddur:

“Çünki Ermənistanla Azərbaycan arasında ikitərəfli əməkdaşlıq yoxdur. Transsərhəd çayların mühafizəsi ilə bağlı 1991-ci ildə qəbul olunan konvensiyanı nə Ermənistan, nə də Gürcüstan ratifikasiya edib. Ancaq ikitərəfli əməkdaşlar, buradakı beynəlxalq ekoloji təşkilatların məlumatları, onların görüşləri vasitəsilə bu sahədə çox ciddi elmi tədqiqatlar aparıb, həmin informasiyaları beynəlxalq ictimaiyyətə yaymaqla Ermənistana təsir edə bilərik” ekspert yekunlaşdırıb.

Qeyd edək ki, Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda çıxışı zamanı bir daha Ermənistanın Araz çayını çirkləndirməsini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. 

Türkan İsgəndərli

tag: Sadiq Həsənov,Ekoloq,Azərbaycan,Ekologiya,Araz Çayı,Todaypress.az,

photo