Ermənistanı uçuruma aparan ölkə: Yunanlar rəsmi İrəvana nə vəd edir?

Təhlil

09.05.2025 12:35

26

“Fransa, Yunanıstan, bütövlükdə Avropa Birliyi kimi xarici himayədarların Ermənistanı silahlandırması ilk növbədə Cənubi Qafqazda sülh prosesinin əngəllənməsinə yönəlmiş addımlardır”. 

Politoloq Elçin Xalidbəyli bunu TodayPress-ə danışarkən deyib. 

Onun sözlərinə görə, bu prosesdə Ermənistan Qərbin, o cümlədən də Cənubi Qafqazda sülh prosesinin əngəllənməsində maraqlı olan konkret ölkələrin geopolitik müstəmləkəsi rolunda çıxış edir:

“Cənubi Qafqazda xaos yaratmaq istəyənlər Ermənistandan geopolitik alət kimi istifadə edərək öz hədəflərinə çatmağa cəhd görtərirlər. İndiki situasiya Qərbdəki Ermənistan himayədarlarının maraqlarına o qədər də uyğun deyil, çünki dünya dəyişir. Bu dəyişikliklərin təsiri Cənubi Qafqaza da ötürülür. Xüsusilə də son vaxtlar xarici siyasətini fəallaşdırmış Azərbaycan Cənubi Qafqazda geopolitik iradə sahibidir və regiona kənar müdaxilələrin qarşını almaqda qətiyyən tərəddüd etməyəcəyini büruzə verir. Ona görə də, bütün bu proseslərdən Ermənistan özü narahat olmalıdır. Çünki Ermənistanı indi savaşa sürükləyən Qərb dairələri çətin məqamlarda Ermənistanı müdafiə etməyə həvəs göstərməyəcəklərini dəfələrlə sübuta yetiriblər”.

Ekspert bunun Ermənistanın regional mövcudluğunu real təhlükə altında buraxa biləcək məqam olduğunu bildirib:

“Qərbin siyasi dairələri, həmçinin Fransa və Yunanıstan kimi avantürist, təxribatçı dövlətlərin Ermənistana dəstəyi və onu yeni savaşa sürükləməsi ilk növbədə Azərbaycan, Türkiyə kimi türk dövlətlərinə ciddi problemlər yaratmaq və qlobal məkandakı rəqabət prosesində ön plana çıxmaq niyyətlərini ifadə edir. Ancaq onların hədəflərində Ermənistan kimi kiçik və böyük proseslərdə söz sahibi olmayan, qarşıdurmalarda tab gətirmə potensialından uzaq dövlətlərin ön plana çıxarılması Ermənistanın özünün qurbana çevrilmə təhlükəsini yaradır. Bu baxımdan hazırda baş verənlər Cənubi Qafqazda yeni savaş təhlükəsi yaratsa da, ilk növbədə Ermənistanın özünün gələcək taleyini risk altında buraxa bilər”. 

Qeyd edək ki, Ermənistanın müdafiə naziri Suren Papikyan Yunanıstana səfər edib. 

Xatırladaq ki, İrəvanı silahlandıran ölkələrdən biri də Yunanıstandır. 2023-cü ilin dekabrında iki ölkənin müdafiə nazirləri hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalayıblar. 

Qiymət Mahir

tag: Elçin Xalidbəyli,Politoloq,Yunanıstan,Ermənistan,Todaypress.az,

photo