Ermənistandakı etirazların sülhə təsiri: “Bakı İrəvana indidən diktə etməlidir” - Millət vəkili

Təhlil

04.10.2024 17:55

“Ermənistanda yenidən başlayan etirazların miqyası elə də güclü olmayacaq”. 

Bunu millət vəkili Fazil Mustafa TodayPress-ə danışarkən bildirib. Onun sözlərinə görə, bu cür etirazlar Ermənistanda artıq adi həyat tərzinə çevrilib. Rəsmi Bakı Ermənistanda normal şərtlərdə prosesə nəzarət edən hakimiyyət olmasının tərəfdarıdır ki, sülh müqaviləsini imzalamaq mümkün olsun. Deputat hesab edir ki, Ermənistanda ölkəni revanşizmə sürükləyən zehniyyətə malik şəxslərin hakimiyyəti ələ keçirməsi, sülh danışıqlarına kölgə salacaq: 

“Hər halda biz bu məsələlərdə daha diqqətli olmalıyıq və prosesləri izləməklə yanaşı, orada legitim bir hakimiyyətin mövcudluğuna maraq göstərməliyik. Çünki, biz həll olunmamış sülhlə bağlı yarım qalmış problemləri həll etməyə maraqlıyıq. Bu cür mürtəci və qatil bir anlayışa sahib erməni dindarının obrazında Ermənistan hökumətinin formalaşmasında maraqlı deyilik. Baqrat Qalstanyan kimi şəxslər Ermənistanın özü üçün də ciddi problemlər yaradır”.

Parlamentarinin qənaətincə, bu məsələ ilə bağlı da mövqeyimizi Ermənistan cəmiyyətinə çatdırmağa çalışmalıyıq. Bildirməliyik ki, bizi bəhanə edib, ölkədə hansısa hakimiyyət dəyişikliyinə getməsinlər: 

“Biz sülh istəyirik. Ermənistana qarşı ərazi iddiamız yoxdur. Qərbi Azərbaycan məsələsinə danışıqlar, sülh yolu ilə həll olunacaq məsələ kimi baxırıq. Bu inteqrasiya, münasibətlərin bərpası üçün də zəruri məsələlərdən biridir. Bunu Ermənistan cəmiyyətinə başqa formada çatdıranda təbii ki, o cəmiyyət qorxacaq və müəyyən məsələlərə məhəl qoymamağa çalışacaq. Özünü yenidən təhlükəli bir dövlət modelinə çevirəcək. Bundan da ən çox Ermənistanın sıravi vətəndaşları əziyyət çəkəcəklər”. 

Qeyd edək ki, Ermənistanda yenidən etirazlar başlayıb. Arxiyepiskop Baqrat Qalstanyan ictimai televiziyanın efirində çıxış edərək, əhalini Respublika meydanında keçiriləcək mitinqə çağırıb və mövcud hakimiyyəti devirməyə səsləyib.      

Günəş Mərd

tag: Ermənistan ,Azərbaycan ,Fazil Mustafa ,Sülh, Hakimiyyət ,todaypress.az,