Ermənistanda yenə sayıqlayan var: “Bu ölkə önünə keçən hər kəsi xüsusi nümayəndə hesab edir” – RƏY

Təhlil

28.02.2025 16:45

2069

“Ermənistan rəsmiləri artıq elə bir hala gəlib çatıb ki, Azərbaycan-Ermənistan sülh prosesi haqqında danışan hər kəsi xüsusi nümayəndə hesab edirlər”.

Politoloq Rəşad Bayramov bunu Ermənistanın xarici işlər nazirinin müavini Paruyr Hovhannisyanın Böyük Britaniya Xarici İşlər Nazirliyinin (XİN) xüsusi nümayəndəsi Kris Allanı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə nümayəndə kimi təqdim etməsi ilə bağlı TodayPress-ə danışarkən deyib.

O bildirib ki, Böyük Britaniyanın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün xüsusi nümayəndə təyin etməsi ilə bağlı rəsmi məlumat yoxdur:

“Londonun Cənubi Qafqazda maraqları var və bu maraqların təhlükə altına düşməməsi üçün Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını istəməsi təbii haldır. Bu kontekstdə Kris Allanın görüşü zamanı Azərbaycan-Ermənistan sülh prosesini müzakirə etməsi başadüşüləndir. Bu məsələdə başa düşülməyən məsələ Ermənistan tərəfinin Kris Allanı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndə kimi təqdim etməsidir. Bu, Ermənistanın xarici siyasət idarəsindəki naşılığın göstəricisidir.

Uzun illərdir ki, sülh prosesi ilə bağlı yanlış məlumatlar yayan və həqiqətə uyğun olmayan fikirlər formalaşdırmağa çalışan Ermənistan rəsmiləri artıq elə bir hala gəlib çatıb ki, Azərbaycan-Ermənistan sülh prosesi haqqında danışan hər kəsi xüsusi nümayəndə hesab edirlər. Böyük Britaniya Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsində Kris Allanın vəzifəsi və tərcümeyi-halı açıq şəkildə göstərilib.  

Məlumatlara görə, Allan 2023-cü ilin may ayından etibarən Böyük Britaniyanın Xarici İşlər, Birlik və İnkişaf Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya Departamentinin rəhbəridir. Bundan əvvəl, 2019-2023-cü illərdə Beynəlxalq Ticarət Departamentində Beynəlxalq Strategiya və İdarəetmə üzrə Direktor vəzifəsində çalışıb, daha öncə isə Efiopiyada diplomatik missiyanın rəhbəri və Özbəkistanda səfir olub. Göründüyü kimi, onun Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndə olması ilə bağlı heç bir rəsmi məlumat yoxdur”.

Analitik bütün bunları ATƏT-in Minsk qrupunun öz funksionallığını tamamilə itirməsi və Azərbaycanın Minsk qrupunun buraxılması ilə bağlı çağırışları fonunda Ermənistan yeni formatlar axtarması kimi qiymətləndirir. O, hesab edir ki, bu isə sülh prosesində Ermənistanın qeyri-səmimi davrandığını bir daha sübut edir.

Qeyd edək ki, Ermənistanın xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan fevralın 25-də Böyük Britaniya Xarici İşlər Nazirliyinin (XİN) xüsusi nümayəndəsi Kris Allanla görüşündə  onu Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə nümayəndə kimi təqdim edib. 

Qiymət Mahir

tag: Azərbaycan,Ermənistan,Böyük Britaniya,Təhlil,todaypress.az,

photo