Ermənistanda siyasi qüvvələr fəallaşdı: "Bu, ictimai rəyin sülhə hazırlaşdırılmadığını göstərir" - RƏY

Təhlil

20.01.2025 18:33

Ermənistan parlamentinin yanvarın 20-də keçirilən iclası Azərbaycana qarşı təxribatçı məqamlarla diqqət çəkib. Belə ki, “Şərəfim Var” fraksiyasının deputatı Anna Mkrtçyan parlamentin salonundan ölkəsinin Azərbaycana qarşı ərazi iddialarını əks etdirən fotolar yapışdırıb. O “Bura erməni xalqının “vətəni” olub” deyə şüarlar səsləndirib.  Bu qanunsuzluğun və Azərbaycan ərazilərinə iddianın 20 Yanvar - Milli Hüzn Günündə baş verməsi isə xüsusi maraq doğurur.

Məsələ ilə bağlı TodayPress-ə danışan politoloq Tural İsmayılov bildirib ki, Ermənistanda siyasi qüvvələrin daxilində revanşizmə meyillilik olduqca yüksək səviyyədədir. Onun sözlərinə görə, Prezdient İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibə zamanı da Ermənistanda faşizmin ən yüksək səviyyədə olduğunu vurğulamışdı. 

“Əlbəttə ki, Ermənistanda Nikol Paşinyandan əvvəlki komandanın, yəni Robert Köçəryan və Serj Sarkisyanın dövründə revanşizm siyasi ideologiyanın ən yüksək mərtəbəsinə qalxmışdı. Bu gün Ermənistandakı Paşinyan hakimiyyəti nə qədər liberal maskası taxsa da, əslində indiki hakimiyyət də o revanşizm meyillərini davam etdirir. Hazırda onlar Azərbaycan və Türkiyəyə qarşı informasiya müharibəsini davam etdirirlər”. 

Analitikin qənaətincə, İrəvan hakimiyyətinə tabe olan media resurslarında kiçik bir tədqiqat aparmaq kifayət edir ki, Ermənistanda ictimai rəyin Azərbaycanla sülh yönündə hazırlaşdırılmadığını görək. Belə olan təqdirdə əlbəttə ki, Ermənistanda fərqli siyasi qüvvələr yenidən Azərbaycana və ərazilərinə qarşı iddialar qaldırır, sülhün əleyhinə açıqlamalar verirlər. 

“İstər “Hayastan” parlament fraksiyasından təmsil olunan deputatlar, istərsə də “Şərəfim var” blokunun üzvü Anna Mkrtçyan və digərləri, onların hamısı Ermənistan cəmiyyətində Azərbaycana qarşı nifrətin və etnik zəmində düşmənçiliyin "diri" qalmağına çalışırlar. Hələ də bu qüvvələr anlamırlar ki, Azərbaycan artıq Qarabağ problemini həll edib və öz ərazi bütövlüyünü tam təmin edib”. 

Siyasətçi vurğulayıb ki, Mkrtçyanın təxribatçı addımı Ermənistanda müxalifət və iqtidar sisteminin nə qədər çürümüş olduğunu bir daha sübut etdi. 

Qeyd edək ki, “Şərəfim var” blokunun üzvü bu addımı Baş nazir Nikol Paşinyanın hazırlatdığı Ermənistan xəritəsinin maketinin parlament divarından asılmasına etiraz olaraq atdığını bildirib. Deputat üsyan edərək bildirib ki, Paşinyanın göstərişi ilə həmin xəritə asılarkən, niyə Qarabağ orada yer almayıb. Mkrtçyanın asdığı xəritə dərhal təhlükəsizlik işçiləri tərəfindən sökülüb. 

Xatırladaq ki, o, daha əvvəl Avropa qüvvələrini Azərbaycana qarşı sanksiyalar paketi hazırlamağa çağırıb. 


Töhfə Səməd

tag: Tural İsmayılov,Erməniztan,Azərbaycan,Antiazərbaycan,Parlament,Təhlil,todaypress.az,

photo