Ermənistanda konstitusiya islahatları gündəmdə: “Paşinyan qətiyyətini sonadək qoruyub saxlasa…”

Təhlil

21.02.2025 18:41

1428

“Hazırda Ermənistanın Baş naziri Nikol Paşinyan üçün ciddi geosiyasi risklər mövcuddur. O, konstitusiya islahatını riskləri idarə etmək üçün çıxış yolu kimi görür”.

Politoloq Zaur İbrahimli bunu TodayPress-ə danışarkən deyib. 

Ekspert bildirib ki, indi Ermənistanda konstitusiya islahatlarının həyata keçirilməsi ilə bağlı məsələdə əvvəlkinə nisbətən daha konkret və qətiyyətli bəyanatlar səslənir. Lakin həmin islahatların hansı istiqamətdə aparılacağı ilə bağlı qəti fikir söyləmək üçün tezdir:           

“Nikol Paşinyanın təqdim etdiyi yeni ideoloji konsepsiyanı təhlil etsək, müəyyən ipucuları tapa bilərik. İlkin yanaşma bundan ibarətdir ki, Paşinyan həm Ermənistanın Avropaya inteqrasiyası, həm də Qərb ölkələri ilə əməkdaşlıq məsələlərini konsititusiyaya gətirmək istəyir”.

Analitik hesab edir ki, islahatlardan sonra Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını nəzərdə tutan müddəaların konstitusiyada yer almaması gündəlikdəki əsas məsələlərdən biridir:   

“Güman etmək olar ki, Ermənistanın Baş naziri erməni kilsəsinin rolu, cəmiyyət və dövlət həyatındakı yeri ilə bağlı yeni yanaşmanın da konstitusiya müstəvisində öz əksini tapmasına çalışacaq. Paşinyanın səlahiyyətlərinin genişləndirilməsi üçün əlavə hüquqi addımlar atılmasına nail olmağa çalışması da vacib istiqamətlərdən biri kimi qiymətləndirilməlidir. Lakin Azərbaycan tərəfi üçün yalnız ərazi iddiaları ilə bağlı müddəaların qanundan çıxarılması yox, Ermənistanın gələcəkdə Azərbaycana qarşı təhdidlər yaratması və müharibəyə başlamasına mane olacaq hüquqi zəminlərin olması da vacibdir. Ermənistan siyasi rəhbərliyi qəti mövqe ortaya qoymayıb, lakin müsbət siqnallar verilir. Ermənistan rəhbərliyinin qətiyyətini sonadək qoruyub saxlamasını demək çətindir, çünki Paşinyanda ardıcıl siyasi mövqe görmürük”.

Z.İbrahimli vurğulayıb ki, indi Ermənistanda konstitusiya islahatlarının həyata keçirilməsi ilə bağlı məsələdə əvvəlkinə nisbətən daha konkret və qətiyyətli bəyanatlar səslənir. Lakin həmin islahatların hansı istiqamətdə aparılacağı ilə bağlı qəti fikir bildirmək üçün hələ tezdir: 

“Ermənistan geosiyasi vəziyyətdən və müttəfiqlərinin mövqeyindən asılı olaraq tez-tez öz and və vədlərini dəyişir. Digər tərəfdən konstitusiya məsələsinin siyasi gündəliyin əsas məsələsinə çevirilməsi də İrəvanın üzləşdiyi geosiyasi çətinliklərlə əlaqəlidir.  ABŞ-nin keçmiş prezidenti Cozef Bayden administrasiyasının hakimiyyətdən getməsi İrəvanın əsas dəstəyini itirməsi ilə nəticələndi. Mövcud geosiyasi vəziyyətdə Fransa da Ermənistana əvvəlki dəstəyi verə bilmir. Makron iqtidarının mövqeləri əvvəlki kimi güclü deyil. Növbəti çağırış isə Rusiyanın güclənməsi ilə bağlıdır. Bəllidir ki, ABŞ-Rusiya danışıqları Rusiyanın mövqeyini gücləndirib. Sanksiyaların aradan qaldırılması rəsmi Moskvanın həm yaxın qonşuları, həm də digər ölkələrlə münasibətdə diplomatik xarici manevrlərini gücləndirəcək. Bunlar Paşinyan üçün ciddi risklərdir və o, konstitusiya islahatını riskləri idarə etmək üçün çıxış yolu kimi görür. Konstitusiya islahatının əsas məqsədi isə gələcək risklər nəzərə alınmaqla Azərbaycanla sülh müqaviləsinin imzalanması və Türkiyə ilə əlaqələrin normallaşdırılmasıdır”. 

Analitik fikrincə, Paşinyan iqtidarı hesab edir ki, Rusiya təsirini aşağı salmaq, Qərblə əlaqələri möhkəmləndirmək, dünyaya çıxış üçün əlavə kommunikasiya yolları baxımından Türkiyə ilə sərhədlərin açılması ən mühüm məsələlərdən biridir. Hazırda üzləşdiyi geosiyası çətinliklər Paşinyanı bu proqram üzrə hərəkət etməyə vadar edib. 

“Rusiyanın 2026-cı ilə qədər sanksiyaların əhəmiyyətli hissəsindən azad olması Kremlin diqqətini Ermənistana yönəltməsinə səbəb ola bilər. Bu isə Paşinyana ciddi çağırışdır. Belə vəziyyətdə Azərbaycanla münasibətləri normallaşdırmaq və Türkiyə vasitəsilə alternativ kommunikasiyanı yaratmaq strateji əhəmiyyət daşıyır. Ermənistandakı indiki siyasi dinamikanı bu geosiyasi səbəblərlə izah etmək olar” deyə Z.İbrahimli vurğulayıb.   

Qeyd edək ki, Ermənistan parlamentinin hakim “Mülki müqavilə” fraksiyasının rəhbəri Hayk Koncoryan Ermənistan İctimai Televiziyasının efirində bildiribki, 2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkilərindən sonra yeni Konstitusiyanın qəbulu ilə bağlı referendum baş tutacaq.

Qiymət Mahir

tag: Zaur İbrahimli,Paşinyan ,Konstitusiya,Ermənistan,Təhlil,İslahat,Todaypress.az,