Ermənistanda həbslər artır: Qərbin lal, kar,kor siyasəti nəyə hesablanıb? – ŞƏRH
Təhlil
07.01.2025 14:15
“Paşinyanın Ermənistanda kütləvi həbslər həyata keçirməsi - "Erməni Ümumxalq Birliyi" partiyasının 8 üzvü, silahlı qüvvələrin baş qərargah rəisinin keçmiş müavini, sabiq təhsil naziri, “Respublikaçılar” partiyasının sədr müavini Armen Aşotyan, İrəvanın keçmiş meri Albert Bazeyan və digərlərinin hazırda siyasi məhbus olması sadəcə bir şeydən xəbər verir: Nə qədər özlərini Avropaya demokratik ölkə kimi göstərməyə çalışsalar da, hələ də diktatura rejimi hökm sürür”.
Bunu TodayPress-ə verdiyi açıqlamada politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, bu kimi həbslər növbəti parlament seçkilərində daha əlverişli mühit yaratmaq üçün atılmış addımlardan biridir.
“Hazırkı elita öz hakimiyyətini qorumağa çalışır. Qərb isə bütün olanlar qarşısında öz susqunluğunu qoruyur. Əksinə həmin qüvvələr rəsmi İrəvanın ən böyük dəstəkçiləridir. Çünki Nikol Paşinyanın hakimiyyətdə olması Qərbin bütün maraqlarına cavab verir”.
Analitikin fikrincə, Ermənistan qanuni və ya qanunsuz formada opponentləri təqib etməsi, cinayət işi açması qarşısında sözsüz ki, Qərbə hesabat verir. Lakin həmin cavab da belədir: "Bu şəxslər hakimiyyətə qarşı təhdid yaradır. Buna görə də onları sıradan çıxarmaq, sözün əsl mənasında təmizlik işləri aparmaq lazımdır". Qərb isə bu cavabla kifayətlənir və lal, kar, kor siyasəti yürütməyə davam edir.
Qeyd edək ki, Ermənistanda artıq bir neçə müddətdir siyasi motivli və qondarma cinayət işi ilə 50 nəfərdən çox şəxs həbs edilib. Eyni zamanda müxalif düşüncələrinə görə də təqib olunan insan sayı az deyil. Erməni müxalifəti etiraf edir ki, bu günə qədər ölkələrində bu qədər siyasi məhbus olmayıb.
Töhfə Səməd
tag: Nikol, Ermənistan, Partiya, Silah ,Məhəmməd Əsədullazadə ,todaypress.az,