Ermənistanda gərginlik: Paşinyan seçkiləri niyə tezləşdirməyə çalışır? - TƏHLİL
Təhlil
05.02.2025 18:26
Uzun müddətdir ki, Ermənistanda parlament seçkilərinin keçiriləcəyi barədə müzakirələr gedir.
TodayPress-ə danışan siyasi ekspert Zeynal Əmrəliyev sözügedən seçkilərin keçirilməsi üçün bir neçə səbəbi açıqlayıb:
“Bir müddət öncə Paşinyanın partiyasında təmsil olunmuş şəxslərdən biri bu barədə açıqlama vermişdi ki, Ermənistan hakimiyyəti konkret olaraq 2025-ci ilin yayında keçirilməsi planlaşdırılan parlament seçkilərinə hazırlaşır. İlk növbədə, erməni müxalifəti hazırda çox zəifdir. Nikol Paşinyan bundan istifadə edərək növbəti seçkilərə getmək və hakimiyyətdəki müddətini daha da uzatmaq istəyir. İkinci növbədə, Ermənistanın iqtisadi vəziyyətinin pisləşməsi müşahidə oluna bilər. Çünki Amerika Birləşmiş Ştatlarında yeni prezident Donald Tramp hakimiyyətə gəldikdən sonra xarici ölkələrə yardımları kəsib. Bu da ABŞ-dən ən çox yardım alan ölkə kimi Ermənistanın iqtisadi gücünün zəifləməsinə səbəb olacaq. Eyni zamanda, Rusiya ilə münasibətlərdə gərginliklər var. Rusiyanın Ermənistan daxilindəki "5-ci kolon"unu fəallaşdırmaq niyyətləri də aşkar şəkildə sezilir. Bu səbəblərdən Paşinyan seçkiləri qabağa çəkərək onu sakitlik yaranan ərəfədə keçirmək və öz hakimiyyətinin müddətini uzatmaq siyasətini reallaşdıra bilər”.
Analitik hesab edir ki, bütün bunlara rəğmən Ermənistan hakimiyyəti seçkilərə ciddi şəkildə hazırlaşmalıdır:
“Deputatlığa namizədlərin siyahısı iqtidarda olan “Vətəndaş Müqaviləsi” Partiyası tərəfindən elə müəyyənləşdirilməlidir ki, partiyanın qalibiyyəti tam təmin olunsun. Paşinyan koalisiya hökuməti istəmir. Bu səbəbdən parlamentdəki yerlərin tam götürülməsinə çalışacaq. Təbii ki, müxalifət də seçkilərə hazırlaşır. Keçmiş “Qarabağ klanı”nın liderləri olan sabiq prezidentlər Robert Köçəryan və Serj Sarkisyanın son zamanlarda xüsusi fəallaşmasının şahidi olmuşuq. Hazırda müxalifətdə olan “Respublikaçılar” Partiyasında da canlanma müşahidə olunur. Eyni zamanda son zamanlar Ermənistanda müxalifət hərəkatına rəhbərlik etmiş Baqrat Qalstanyanın cəbhəsində də fəallıqlar var. Bütün bunlara görə “Vətəndaş Müqaviləsi” Partiyasının bu ilin yay aylarına doğru, uzağı payızda seçki keçirməsi gözləniləndir”.
Qeyd edək ki, yerli KİV-in məlumatına görə, Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyası növbədənkənar parlament seçkilərinə hazırlaşır.
Qiymət Mahir
tag: Təhlil,Region,Ermənistan,Seçki,Paşinyan,Todaypress.az,