Ermənistan “şıltaqlığa” başladı: “Nazını kim çəkəcək?” - ŞƏRH

Təhlil

29.08.2024 17:49

“Ermənistan son bir neçə ildir ki, özünü qeyri-adekvat dövlət kimi nümayiş etdirir. Hər bir dövlət və onun hakim dairələri çalışır ki, beynəlxalq arenada öz siyasi çəkilərini qoruyub-saxlasınlar və öhdəliklərini vaxtında yerinə yetirsinlər. Bu baxımdan Ermənistan kasad və axsaq bir dövlətdir”. 

Bu sözləri politoloq Tofiq Abbasov TodayPress-ə hazırkı geosiyasi vəziyyəti şərh edərkən deyib. 

Analitik  bildirib ki, Ermənistanın siyasi rəhbərliyi tam olaraq müstəqil və suveren qərarlar verə bilmir. Çünki həm diaspor təşkilatlarından, həm də xarici qüvvələrdən asılı vəziyyətdədir: 

“Həmin qüvvələr Ermənistanı postsovet məkanında və Cənubi Qafqaz bölgəsində platsdarm kimi qiymətləndirirlər. Yəni Ermənistanın daxilindəki məsələlər, həmçinin oradakı qüvvələrin gücü, bacarığı, strateji resurs göstəriciləri, bütün bunların heç biri xarici qüvvələr üçün maraqlı deyil. Onlara lazım olan Ermənistanı platforma kimi istifadə edib, Rusiyanı buradan uzaqlaşdırmaq, eləcə də Türkiyə və Azərbaycana təsir göstərməkdir. Çünki hazırda Azərbaycan proseslərə təsir göstərən qurucu dövlətlərdən biridir”. 

Politoloqun fikrincə, Ermənistan özünü Qərbə göstərməyə çalışır. Guya ermənilərin Rusiyaya, Avrasiya İqtisadi İttifaqına (Aİİ), Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT)  "yox" deməyə cəsarəti var. Digər tərəfdən də Rusiyaya və Belarusa qarşı üsyan edirlər ki, biz müharibədə tək qaldıq və siz kömək etmədiniz: 

“Bölgədən xəbəri olmayan hər hansısa bir şəxs, Cənubi Qafqaza nəzər yetirsə, düşünər ki, Ermənistan qalibdir, ona görə də sülh üçün tələsmir. Azərbaycan isə məğlubdur və sülh üçün çağırışlar edir. Lakin bu, tamamilə erməni xislətinin göstəricisidir. Çünki onlar işlək qabiliyyətlərə malik deyillər. Həmişə kənar qüvvələrdən asılı olublar. İndi də özlərini Rusiyadan incimiş kimi göstərməyə çalışırlar. Həm də şıltaqlıq edirlər ki, kimsə bunların nazı ilə oynasın. Lakin heç kim indi Ermənistanın nazı ilə oynamağa maraqlı deyil. İrəvanın öz fəaliyyətsizliyi və bacarıqsızlığı nəticəsində sonda yalnız problemli vəziyyət daha da dərinləşəcək”.

Tofiq Abbasov qeyd edib ki, Ermənistanın geosiyasi çəkisi olmasa da, özlərini o formada göstərməyə çalışırlar. Lakin unudurlar ki, Rusiyanın “qırmızı xətti”nə bu qədər yaxınlaşmaq olmaz. Moskvanın siyasi elitası hər şeyi diqqətdə saxlayır və vaxtı çatanda lazımi tədbirləri görəcəklər.

Qeyd edək ki, avqustun 29-da Rusiyanın Ermənistandakı səfirliyi “Böyük müqavilə”nin imzalanmasının ildönümü münasibətilə bəyanat yayıb. Orada bildirilib ki, Rusiya və Ermənistanın Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin artırılması məsələlərində əməkdaşlıq etmək öhdəliyi var. Digər tərəfdən də KTMT açıqlayıb ki, Qərb Cənubi Qafqazda təsirini artırmağa çalışır. Bu da Ermənistanın vasitəsilə həyata keçir. İrəvanın sabitliyin və təhlükəsizliyin artırılması ilə bağlı öhdəliyi olmasına baxmayaraq, Cənubi Qafqazı Avropanın ayağaltısına çevirib. İrəvanın öhdəliklərini yerinə yetirməməsi və ikili siyasəti isə regionda vəziyyəti gərginləşdirməkdən başqa heç bir işə yaramır.

Töhfə Səməd

tag: Ermənistan, Cənubi Qafqaz, Türkiyə, Azərbaycan,Avrasiya İqtisadi İttifaqı, Tofiq Abbasov, todaypress.az,

photo