Ermənistan şərti sərhədin 7 istiqamətini terror təşkilatına həvalə etdi: İrəvan müharibəyə hazırlaşır? - ŞƏRH
Təhlil
15.01.2025 10:35
“Hazırda Rusiya-Ukrayna müharibəsi nisbətən ləng irəliləyir deyə qlobal güclər öz silah bazarlarını aktivləşdirməyə məkanlar axtarırlar. Ermənistanın isə forpost olma meyilləri, marağı onu bu məsələdə ön plana keçirir”.
Bunu TodayPress-ə danışan hərbi mələlər üzrə ekspert Elxan Şıxalıyev deyib. Onun sözlərinə görə, 2024-cü ildə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması gözlənsə də, bu, baş tutmadı:
“Buradakı əsas səbəb isə məhz Ermənistanın sazişdə maraqlı olmamasıdır. Qlobal arenada özlərini nə qədər sülh tərəfdarı göstərsələr də, 17 maddədən 15-nin artıq razılaşdırıldığını, qalan ikisinin isə hələ müzakirə olunduğunu dilə gətirərək sadəcə müddəti uzadırlar. Bununla paralel olaraq isə Ermənistan sürətlə silahlanır. 2024-cü ildə maksimum büdcə ilə, 2025-ci ildə isə həmin rəqəmləri 1,7 milyarda çıxartmaqla göstərdi ki, onlar hələ də öz xislətlərindən əl çəkməyiblər və Qərb dostlarının təhrik oyunlarına aldanırlar”.
Ekspert xatırladıb ki, indi biz atəşkəs rejimindəyik. Bu proses isə istənilən an münaqişəyə və ya sülhə imza altılmağa çevrilə bilər. Amma görünən odur ki, Ermənistan revanşist fəaliyyətlərini icra etmək üçün, şərti sərhəddə dislokasiya rayonlarının artırılmasını həyata keçirməklə, eyni zamanda birinci eşlon bölmələrini bu rayonlarda yerləşdirməklə növbəti münaqişə vəziyyətinə hazırlıq işləri görür:
“Bugün Ermənistan ərazilərində Rusiyanın 102-ci bazası, Federal Təhlükəsizlik Xidmətinin hərbçiləri, həmçinin orada Fransadan, ABŞ-dən Ermənistan Silahlı Qüvvələrinin NATO strukturlarına uyğunlaşması üçün təlim keçən mütəxəssisləri var. Bundan əlavə “VOMA” və “Yerkrapa” terror təşkilatları da bizlə təmas vəziyyətindədir. “Yerkrapa” Azərbaycan tərəfindən terror təşkilatı olaraq tanınsa da, onların indiki nümayəndələri şərti sərhəddə 7 istiqamətdə yerləşdirilib. Ermənistan tərəfi isə bunu belə əsaslandırır ki, ölkənin silahlı qüvvələrinin onlara gücü çatmır”.
O, qeyd edib ki, xarici qüvvələr arasında Avropa İttifaqının mülki missiyasını da əlavə etmək lazımdır ki, artıq onların da fəaliyyət müddətinin uzaldılması və həcminin artırılması qərarı verilib. Həmin bu missiyanın tərkibindəkilər də keçmiş hərbçi, kəşfiyyət, xüsusi xidmət orqanlarının üzvləridir. Onları bir gecədə hərbi formaya keçirmək də çox çətin məsələ deyil:
“Bütün bu olanlar fonunda hazırda Azərbaycanda hərbi və təhlükəsizlik məsələlərinin həlli üçün 8,4 milyard manat vəsaitin xərclənməsi heç də təsadüfi deyil. Bu, coğrafiyamızda bizə qarşı yarana biləcək mümkün təhdid və təhlükələri dəf etmək üçün yaradılan büdcədir. Xüsusən, indi təhlükəsizlik konsepsiyamız və müdafiə doktrinamızın arxasında bu büdcə durmasa, Cənubi Qafqazda Azərbaycanla bağlı fərqli planları olan qlobal güclər aktivləşməyə başlayar”.
E. Şıxalıyev sonda vurğulayıb ki, “Global Firepower” də artıq 2025-ci ildə 145 ölkə içərisində 60 kriteriya ilə silahlı qüvvələrin qiymətləndirilməsini aparıb. Azərbaycanın 60-cı, Ermənistanın isə 91-ci yerdə qərarlaşması və arada 31 pillə fərqin olması o deməkdir ki, bu ölkə nə qədər də çalışsa, həmin boşluğu doldura bilməz. Nə 1,7 milyardlıq hərbi büdcə, nə də xarici dəstək onların əlindən tutmayacaq.
Töhfə Səməd
tag: Ermənistan, Hərbi ,Ordu, Elxan Şıxalıyev, todaypress.az,