Ermənistan öz ampluasında: Tərəfdaşlara xəyanət siyasətinə DAVAM

Təhlil

23.04.2025 17:02

26

“Beynəlxalq platformalarda, xüsusilə də BMT-də Ermənistanın anti-Rusiya mövqeyi sərgiləməsi gözlənilən idi. Çünki Ermənistan tarixən münasibətlərdə səmimiyyət nümayiş etdirməyib və tez-tez tərəfdaşlarına xəyanət edib”.   

Politoloq Elşad Mirbəşiroğlu bunu TodayPress-ə danışarkən deyib.

O bildirib ki, 2018-ci ildə Ermənistanın Baş naziri Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra ölkə açıq şəkildə Qərbyönlü siyasət yürütməyə başladı:

“Paşinyanın Qərb dövlətləri tərəfindən hakimiyyətə gətirilməsi təsadüfi deyildi. Onun məhz sərt anti-Rusiya mövqeyinə görə bu vəzifəyə gətirildiyi aydındır. Paşinyanın rəhbərlik etdiyi hərəkatın adı da “Çıxış” idi. O, dəfələrlə bəyan edirdi ki, Ermənistan nə Avrasiya İqtisadi İttifaqında (Aİİ), nə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) olmalıdır. Hesab edirəm ki, bu cür mövqe Qərbin onu seçməsinin əsas səbəblərindən biri olub”.

Analitikə görə, beynəlxalq platformalarda, xüsusilə də BMT-də Ermənistanın anti-Rusiya mövqeyi sərgiləməsi gözlənilən idi:   

“Ermənistan tarixən münasibətlərdə səmimiyyət nümayiş etdirməyib. Hazırda Ermənistan iqtisadiyyatında Rusiyanın əvəzsiz rolu var. Bir çox erməni vətəndaşı öz ölkəsində iş tapa bilmədiyindən Rusiyada işləyir və ailələrinə maliyyə göndərir. Ermənistan Rusiya bazarlarından və onun formalaşdırdığı iqtisadi platformalardan faydalanır, lakin fürsət düşən kimi Moskvaya qarşı mövqe sərgiləməkdən çəkinmir. Bu mənada düşünürəm ki, Rusiyada Paşinyan hakimiyyətinin anti-Rusiya mövqeyi haqqında tam təsəvvür formalaşıb. Bu mövqe, şübhəsiz ki, Rusiya–Ermənistan münasibətlərinə təsir göstərir. Digər tərəfdən, Rusiya rəsmiləri bu münasibətlərdə səbir nümayiş etdirirlər. Lakin düşünürəm ki, Paşinyanın mövqeyi bu münasibətlərdə izsiz ötüşməyəcək. Rusiyanın Ermənistana təsir rıçaqları yetərincə çox və güclüdür. Paşinyan bu cür davranışlarını davam etdirərsə, Rusiya–Ermənistan münasibətlərində qaçılmaz izlər buraxacaq.

E. Mirbəşiroğlu Rusiyanı narahat edən başqa məqamlara da toxunub: 

“Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu narahatlıqları dəfələrlə dilə gətirib. Ermənistanın Avropa İttifaqına inteqrasiya səyləri, parlamentdə bu istiqamətdə qəbul edilən qərar və prezident tərəfindən bu sənədin ratifikasiyası Rusiyanın kəskin reaksiyasına səbəb olub. Ermənistan hələlik addımlarını dəqiq hesablaya bilmədiyini nümayiş etdirir. Çünki eyni anda həm Aİİ, həm də Avropa İttifaqına üzv olmaq qeyri-mümkündür. Ermənistan hazırda manipulyativ siyasət yürüdür. Bu yanaşma Paşinyan hakimiyyətinin fiaskosu ilə nəticələnəcək. Onsuz da Ermənistanı Avropa İttifaqına üzv qəbul etməyəcəklər – onu sadəcə bir alət kimi istifadə edirlər”.

Politoloq sonda əlavə edib ki, Ermənistanın bu siyasəti nəticə etibarilə onun Aİİ və Rusiya ilə iqtisadi-ticari əməkdaşlıq imkanlarını itirməsi ilə nəticələnə bilər. Bu isə Ermənistanın onsuz da zəif olan iqtisadiyyatına ağır zərbə vura bilər.

Qeyd edək ki, Ermənistan BMT-də Rusiyanın Ukrayna və Gürcüstana təcavüzünü pisləyən qətnaməyə səs verib. Qətnamədə xüsusi tribunal yaradılması da xatırladılır. Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin isə buna cavab olaraq bildirib ki, Ermənistanın maraqlarını pozmaq niyyətində deyil.

Qiymət Mahir

tag: Elşad Mirbəşiroğlu,Politoloq,Ermənistan,Rusiya,Xəyanət siyasəti,Todaypress.az,

photo