Ermənistan “odla oynayır” : “Kövrək hakimiyyət BRICS-ə üzv olsa, devriləcək”
Təhlil
04.09.2024 15:25
“Ermənistan BRICS-ə üzvlük üçün müraciət etsə, Qərb ölkələri ondan üz çevirəcək”.
Politoloq Samir Hümbətov bunu TodayPress-ə açıqlamasında deyib.
Analitik hesab edir ki, rəsmi İrəvan BRICS sammitində iştirak etməklə bir növ nəbz yoxlamağa çalışır:
“Düşünür ki, gələcəkdə əlim Qərbdən üzüləndə bu iqtisadi bloka qoşulmaqla özümü sığortalaya bilərəm. BRICS gələcəkdə böyük bir iqtisadi klub olacaq. Bu təşkilatın gələcək potensialı böyükdür. Ona görə də Ermənistanın bura yönəlmək istəməsi təbiidir. Amma Paşinyan administrasiyası dövründə Ermənistanın BRICS-ə üzv olması inandırıcı görünmür. Çünki indi Paşinyan özü Qərblə əməkdaşlıqda maraqlıdır. Belə olan halda Paşinyanın bir Qərb adamı olaraq Rusiyanın, İranın, Çinin və s. dövlətlərin bir arada olduğu iqtisadi blokda iştirak etməsi inandırıcı görünmür”.
Politoloqun qənaətincə, Ermənistan BRICS-ə üzv olmaq üçün müraciət etsə, eynilə Gürcüstanın taleyini yaşamış olacaq:
“Qərb Gürcüstanda "Xarici təsirin şəffaflığı haqqında" qanunun qəbulundan sonra Tbilisiyə qarşı etdiklərini Ermənistana da tətbiq edəcək. Ermənistan hakimiyyəti də daha kövrək olduğu üçün bu, ölkədə hakimiyyət dəyişikliyinə belə gətirib çıxara biləcək”.
Qeyd edək ki, Ermənistan Kazanda keçiriləcək BRICS-in oktyabr sammitində iştirakını təsdiqləyib.
Günəş Mərd
tag: Ermənistan, BRICS, Kazan, Sammit, Qərb, Gürcüstan, todaypress.az,