Ermənistan KTMT-dən qovulur?: “İndiki halda bu, Rusiya üçün məqbul deyil” – ŞƏRH
“Rusiya başda olmaqla Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələr müvafiq qərar qəbul edərək Ermənistanı öz sıralarından xaric edə bilərlər. Amma indiki halda bu, Rusiya üçün məqbul deyil”.
Politoloq Rəşad Bayramov bunu TodayPress-ə açıqlamasında bildirib.
O diqqətə çatdırıb ki, Ermənistan KTMT-nin bütün orqanlarında iştirakını dondurmaqla yanaşı, uzun müddətdir ki, təşkilatın büdcəsinə nəzərdə tutulan ödənişləri də etməkdən imtina edib və keçirilən təlimlərə nümayəndə göndərməyi dayandırıb.
Ekspert bir müddət əvvəl Ermənistan-KTMT münasibətlərini şərh edən Ermənistanın Baş naziri Nikol Paşinyanın bu münasibətlərin “dönüş olmayan nöqtəyə” çatdığını bildirdiyini xatırladıb:
“İndi Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankinin Ermənistanın 2025-ci ilin sonuna qədər KTMT büdcəsinə ödəniş etməyəcəyi halda təşkilatın digər üzv ölkələrinin müxtəlif ssenariləri nəzərdən keçirəcəyini deməsi başa düşüləndir. Ermənistan hələ də KTMT üzvü olaraq qalırsa, müvafiq üzvlük haqqı ödənişlərini də etməlidir. Amma məsələ burasındadır ki, KTMT Nizamnaməsində bu məsələ üzv ölkələrin öhdəlikləri kimi göstərilsə də, öhdəliyin yerinə yetirilməməsi halında hansı addımların atıla biləcəyi ilə bağlı qayda yoxdur”.
Analitik Rusiya başda olmaqla üzv ölkələrin müvafiq qərarlar qəbul edib Ermənistanı öz sıralarından xaric edə biləcəklərini, amma indiki halda bunun Rusiya üçün məqbul olmadığını qeyd edib.
Onun sözlərinə görə, Rusiyanın problemi Ermənistanla yox, Ermənistan hakimiyyəti ilə bağlıdır:
“Rusiyanın bu istiqamətdə sərt tədbirlər görməməsinin səbəbi budur. Rusiya üçün Ermənistan hələ də müttəfiq ölkə olaraq qalmaqda davam edir. Ermənistan isə indiki mərhələdə KTMT üzvlüyündən çıxamağa tələsmir. Sadəcə, fəaliyyətini dondurmaqla özləri üçün Qərbin dəstəyini təmin edir. Qərbdən həm maliyyə, həm də silah və texnika alır. Digər tərəfdən isə Rusiyanı qıcıqlandırmamaqla üzərlərinə gələ biləcək təzyiqləri minimallaşdırır”.
R.Bayramova görə, burada hər iki ölkənin iqtisadi cəhətdən bir-birindən faydalanması da əsas rol oynayır:
“Rusiya sanksiyalar səbəbilə birbaşa əldə edə bilmədiyi məhsulları Ermənistan vasitəsilə əldə edir və eləcə də sata bilmədiyi məhsulları Ermənistan üzərindən ayrı-ayrı ölkələrə ötürür. Nəticədə Rusiya və Ermənistan arasında ticarət dövriyyəsinin həcmi fantastik dərəcədə artıb. Başqa sözlə desək, nə qədər ki, həm Ermənistan, həm də Rusiya bir-birindən faydalanır, Ermənistan KTMT-dən açıq şəkildə imtina etməyəcək, Rusiya da öz növbəsində Ermənistanı təşkilatdan çıxarmaq üçün hər hansı addım atmayacaq”
Politoloq sonda Ermənistanda “müxtəlif ssenarilər” adı altında hansısa radikal qərarların qəbulunun gözlənilmədiyini vurğulayıb.
O bildirib ki, maksimum halda müvafiq rüsumların ödənilməməsinə görə Ermənistanın təşkilatda səsvermə hüququnun əlindən alınması haqqında qərar qəbul oluna bilər ki, bu da faktiki olaraq heç nəyi dəyişmir.
Qeyd edək ki, Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin bildirib ki, Ermənistan 2025-ci ilin sonuna qədər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) büdcəsinə ödəniş etməsə, təşkilatın digər üzv ölkələri ona qarşı müxtəlif ssenariləri nəzərdən keçirə bilər. Lakin Ermənistanın qurumdan çıxarılması gözlənilmir.
Qiymət Mahir
tag: Ermənistan,Rusiya,KTMT,Analitik,Todaypress.az,
