"Ermənistan konstitusiya məsələsində kamuflyaj edir" - Politoloq AÇIQLADI
“Rəsmi İrəvan
Ermənistan konstitusiyası üzərində işin Bakının diktəsi ilə deyil, öz
istəkləri ilə həyata keçirildiyini göstərməyə çalışır".
Politoloq Turan Rzayev
bunu TodayPress-ə açıqlamasında deyib.
O, Ermənistanın ədliyyə
naziri Srbui Qalyanın Ermənistanın konstitusiyası ilə bağlı fikirlərinə diqqət
çəkib:
“Nazir deyib ki, yeni
Konstitusiya üzərində iş gedir və proses 2026-cı il seçkilərinə qədər
tamamlanmalıdır. Sənəd, insan hüquqlarını, sosial-iqtisadi hüquqları,
idarəçilik qaydalarını və dövlət orqanlarının rolunu tənzimləyəcək. Onun
sözlərinə görə, Avropa İttifaqı (Aİ) ilə yaxınlaşma çərçivəsində artıq
30-dan çox qanun layihəsi uyğunlaşdırılıb və proses davam edəcək”.
Analitikin sözlərinə
görə, Ermənistan konstitusiyası üzərində iş gedir (yenilənir) və proses
2026-cı ilə qədər tamamlanmalıdır.
Turan Rzayev xatırladıb
ki, Ermənistan konstitusiyası və müstəqillik bəyannaməsində Azərbaycan və
ətraf ölkələrə ərazi iddiasını əks etdirən bəndlərin dəyişdirilməsi rəsmi
Bakının sülhlə bağlı tələbləri arasındadır.
"Azərbaycan rəsmi
İrəvanın gələcəkdə sülhdən yayınmaq ya da işğal cəhdini daxili hüquqla leqallaşdırılmasının
qarşısını almaq üçün bu tələbi irəli sürüb. Ermənistan tərəfi əvvəllər
bundan yayınmaq istəsə də, görünür, Bakının tələbini yerinə yetirməli
olduğunu başa düşüb.
Lakin S.Qalyanın
dediyindən bu qənaətə gəlmək olur ki, guya İrəvan prosesi Bakının diktəsi ilə
deyil, öz istəyi ilə həyata keçirir. Misal üçün, yeni sənəddə insan
hüquqlarını, sosial-iqtisadi hüquqları, idarəçilik qaydalarını və dövlət
orqanlarının rolunun tənzimlənib Aİ ilə yaxınlaşma çərçivəsində 30-dan çox
qanun layihəsinin uyğunlaşdırıldığı deyilir. Yəni bunu Ermənistan
konstitusiyasını Aİ-yə inteqrasiya və daxili hüquqi boşluqların
tənzimlənməsi kimi təqdim edir. Bakının tələblərindən isə söz açmır”.
Politoloqun fikrincə,
Ermənistanın yeni konstitusiyasında ətraf ölkələrə ərazi iddiasını ehtiva edən
bəndlər də çıxarılacaq. Lakin Ermənistanın Baş naziri Nikol Paşinyan və
komandası bunu açıq şəkildə deyib, müxalifətin narazılığına tuş gəlmək
istəmir. Buna görə də məsələni yuxarıdakı tərzdə kamuflyaj edir.
“Prinsipcə prosesin
hansı adda aparılması Bakı üçün önəmli deyil. Bizim üçün vacib olan həqiqətən
də tələblərin yerinə yetirilməsidir. İrəvan bunu edəcəksə, bu, sülhün
davamlılığı baxımından mühüm hadisə ola bilər” deyə o nitqini
yekunlaşdırıb.
Qeyd edək ki, 2026-cı
ildə Ermənistanda keçiriləcək parlament seçkilərindən sonra yeni
Konstitusiyanın qəbulu ilə bağlı referendum baş tutacaq.
Töhfə Səməd
tag: Politoloq, Ermənistan, Azərbaycan, Konustitusiya, Avropa İttifaqı, todaypress.az,