Ermənistan İranla Zəngəzurda neftayırma zavodu tikəcək? – Millət vəkili açıqladı

Təhlil

17.02.2025 15:45

“İranda bir sıra şəxslər yenidən “Qırmızı xətt” məsələsini gündəmdə saxlayaraq Zəngəzur dəhlizi ilə bağlı bəyənatlar verirlər”.     

Milli məclisin deputatı Ceyhun Məmmədov bunu iranlı siyasi şərhçi Ehsan Müvəhhedianın İranın Ermənistanın Zəngəzurda neft emalı zavodu tikməsini təklif etməsi ilə bağlı bəyanatını TodayPress-ə şərh edərkən deyib.

Deputatın fikrincə, bu həmlələr yalnız bir siyasi hədəfə - Zəngəzur dəhlizinin açılmasının qarşısının alınmasına köklənib:

“İran Zəngəzurda mövcudluğunu gücləndirmək istəyir. Burada söhbət ayrı-ayrı şəxslərdən gedir. Qafanda konsulluğun açılması və s. bütün bunlar hamısı bu məsələyə hesablanıb”.    Millət vəkili diqqətə çatdırıb ki, İrana görə öz neftini satmaq üçün ən uyğun seçim Ermənistandır: “İran bu gün istehsal etdiyi nefti sata bilmir. Yeni bazarlar, yeni ölkələr, yeni şəhərlər axtarır. Bu cür addımlarla da öz neftini satmaq istəyir. İran eyni zamanda bilir ki, bu ərazilərdə əhalinin iqtisadi vəziyyəti heç də yaxşı deyil. İqtisadi vəziyyətlə bağlı çox böyük problem və narahatlıqlar var. Həmin ərazidə yaşayan əhalinin işlə təmin olunması məqsədi var”.   

Parlamentari sonda adı çəkilən neft zavodunun fəaliyyətə başlaması ilə İranın nələri əldə etmək istədiyinə aydınlıq gətirib:

“Qeyd etdiyim kimi, əsas məqsəd Azərbaycanın Zəngəzur dəhlizini açmasına mane olmaqdır. Bununla da İranın Zəngəzurda mövcudluğunun və möhkəmliyinin gücləndirilməsi nəzərdə tutulur. Eyni zamanda İran neftini satmaq da əsas məqsədlər arasındadır. Doğrudur, İran öz neftini bu gün də satır. Amma bu baş verərsə, daha da çox sata bilər. Beləliklə, İran bölgəyə daha çox nüfuz edə bilər. İran yaradılacaq bu neft bazası ilə sanksiyalardan yayına bilər, yəni xaricə bu nefti Ermənistan vasitəsilə sata bilər. Digər istehsal etdiyi məhsulları da həmçinin”.   

Qeyd edək ki, ermənipərəst iranlı siyasi şərhçi Ehsan Müvəhhedian İranın Ermənistanın Zəngəzur bölgəsində neft emalı zavodu tikməsi ilə bağlı təklif irəli sürüb. O, deyib ki, Ermənistanda uzunmüddətli müqavilələrlə neft emalı zavodunun fəaliyyəti gündə 100 min barrel İran neftini endirimsiz, əlavə xərclər olmadan satmaq imkanı yaradacaq və sanksiyalar risklərini azaldacaq. Bu layihə Ermənistanın enerji təhlükəsizliyini və ölkənin İrandan asılılığını təmin etməklə yanaşı, regionda Amerika, NATO və İsrailin təsirini azaldacaq. 

Nicat Osman

tag: İran,Zəngəzur,Dəhliz,Ceyhun Məmmədov ,Todaypress.az,