“Ermənistan Azərbaycanın Minsk Qrupunun ləğvi ilə bağlı çağırışlarına cavab vermir” – POLİTOLOQ

Təhlil

25.02.2025 17:50

1721

“ATƏT-in Minsk Qrupunun mövcudluğu münaqişənin hələ də davam etdiyini göstərən süni mexanizm rolunu oynayır. Ermənistan, əslində, münaqişənin bitdiyini qəbul etmək istəmir və gələcəkdə Azərbaycana qarşı revanşist planlar qurmaq niyyətindədir”.  

Politoloq Elşad Mirbəşiroğlu bunu TodayPress-ə danışarkən deyib. 

O bildirib ki, tərəflər arasında sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın irəli sürdüyü əsas şərtlərdən biri ATƏT-in Minsk Qrupunun buraxılması ilə bağlıdır. 

Analitik 1997-1998-ci illərdə Minsk Qrupunun münaqişənin həlli üçün təklif etdiyi bəzi variantların açıq şəkildə Ermənistanın maraqlarına uyğun hazırlandığına diqqət çəkib:  

“ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri olan Fransa Ermənistanın işğalçılıq siyasətini dəstəkləyir, Azərbaycanın ərazisində separatçı rejimi dəstəkləmək üçün müxtəlif vasitələrdən istifadə edirdi. Hətta Fransa rəsmiləri və parlament üzvləri Azərbaycanın icazəsi olmadan işğal altındakı torpaqlara səfərlər təşkil edirdi. Bütün bunlar Minsk Qrupunun fəaliyyətinin ilk günlərdən etibarən şübhəli olduğunu göstərirdi. Bu gün isə artıq Ermənistan-Azərbaycan münaqişəsi yoxdur. Azərbaycan öz ərazi bütövlüyünü tam təmin edib və münaqişə faktiki olaraq bitib. Belə olan halda Minsk Qrupunun fəaliyyətinə heç bir ehtiyac yoxdur. Bu qurum yalnız kağız üzərində de-yure mövcuddur və Azərbaycan onun tamamilə ləğv olunmasını tələb edir”.

E.Mirbəşiroğlu vurğulayıb ki, Minsk Qrupunun mövcudluğu münaqişənin hələ də davam etdiyini göstərən süni mexanizm rolunu oynayır. Ermənistan, əslində, münaqişənin bitdiyini qəbul etmək istəmir və gələcəkdə Azərbaycana qarşı revanşist planlar qurmaq niyyətindədir. Lakin bu yanaşma reallıqdan uzaqdır. Çünki Ermənistan üçün yeni münaqişə daha ağır nəticələrə səbəb ola bilər. Bu isə Ermənistanla yanaşı bütün dünyaya məlumdur.

“Bundan təxminən 5-6 ay əvvəl Ermənistan rəsmiləri açıq şəkildə Minsk Qrupunun fəaliyyətinin davam etdirilməsini dəstəklədiklərini bəyan etmişdilər. Bununla yanaşı, Ermənistan Azərbaycanın Minsk Qrupunun ləğvi ilə bağlı çağırışlarına cavab vermir. Bu da bir daha göstərir ki, Ermənistan qeyri-konstruktiv mövqe sərgiləyir və münaqişə vəziyyətinin süni şəkildə saxlanmasına çalışır. Lakin real vəziyyət budur ki, Minsk Qrupunun fəaliyyəti artıq faktiki olaraq dayanıb və bundan sonra onun işinə dair müzakirə aparmaq üçün heç bir əsas yoxdur” deyə o bildirib.

Analitik sonda qeyd edib ki, Ermənistan nə qədər çalışsa da, Minsk Qrupu yalnız kağız üzərində qalacaq və heç bir real təsir gücünə malik olmayacaq.

Qiymət Mahir

tag: Azərbaycan,Ermənistan,Minsk,Təhlil,todaypress.az,

photo