Ermənistan Aİ-yə “qucaq açdı”: “Bu, Qərbin Cənubi Qafqazdakı oyununa növbəti nümunədir” – TƏHLİL
“Ermənistan parlamentinin Avropa İttifaqına (Aİ) üzvlük prosesini başlatmaq barədə qəbul etdiyi hansısa qərarlar ölkənin real olaraq Aİ-yə üzv olacağı anlamına gəlmir. Çünki hüquqi və siyasi baxımdan bu, mümkün deyil”.
Politoloq Tural İsmayılov bunu TodayPress-ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Ermənistan hazırda üzvü olduğu Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə Aİ-nin standartlarına uyğun gəlmir:
“Bir ölkə eyni zamanda həm Aİİ-nin, həm də NATO ilə ziddiyyət təşkil edən KTMT-nin üzvüdürsə, onun hüquqi baxımdan Aİ-yə üzv olması mümkün deyil. Digər tərəfdən, heç bir Aİ ölkəsi öz ərazisində Rusiyanın hərbi bazasını yerləşdirdiyi Ermənistanı quruma üzv qəbul etməz”.
Ekspert Ermənistanın Rusiyadan iqtisadi asılılığını da bu prosesin reallaşmasına ciddi maneə olaraq qiymətləndirib:
“Ermənistanın Aİ-yə üzvlüyü onsuz da Ukrayna böhranı səbəbindən gərgin olan Qərb–Rusiya münasibətlərində əlavə gərginlik yarada bilər. Aİ Ermənistana görə Rusiya ilə yeni, daha dərin qarşıdurmaya getməz. Necə ki, bu günə qədər Ukraynanı və Gürcüstanı heç kim Aİ-yə qəbul etməyib, Ermənistanı da qəbul etməyəcək”.
T. İsmayılov əlavə edib ki, Ermənistanda bu məsələ ilə bağlı təşəbbüslər erməni lobbisinin və ermənipərəst dairələrin təsiri ilə irəli sürülür:
“Aİ-nin siyasi, hüquqi, demokratik və iqtisadi standartları var və Ermənistan bu standartlara cavab verən ölkə deyil. Bu, sadəcə Qərbin Cənubi Qafqazda oynadığı təhlükəli oyunun növbəti nümunəsidir. Reallıqda Ermənistan heç vaxt Aİ-nin üzvü ola bilməyəcək”.
Qeyd edək ki, martın 26-da Ermənistan parlamenti ölkənin Avropa İttifaqına (Aİ) üzv olmaq istiqamətində hüquqi prosesi başlatmaq barədə qanun layihəsini ikinci və yekun oxunuşda qəbul edib.
Qiymət Mahir
tag: Tural İsmayılov,Politoloq,Təhlil,Ermənistan,Avropa İtitfaqı,Todaypress.az,
