Erməni təxribatı səngimir: “Heç bir halda tələyə düşməməliyik” – TƏHLİL
“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanmadığı müddətcə müharibə ehtimalı həmişə mövcuddur. Lakin qüvvələr nisbətini dəyərləndirdikdə, Ermənistanın hazırkı vəziyyəti ilə Azərbaycanın gücü arasında böyük fərq olduğu açıq-aşkar görünür”.
Hərbi ekspert, polkovnik Üzeyir Cəfərov bunu TodayPress-ə danışarkən deyib.
O, son günlər mövqelərimizin Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşə tutulduğunu şərh edərək bildirib ki, bu, əsasən, Azərbaycanla Ermənistan arasında yaxınlaşmanı istəməyən qüvvələrin təhriki və maraqları çərçivəsində həyata keçirilir:
“Ermənistan bu təxribatlarla faktiki olaraq, heç nəyə nail ola bilməz. Davamlı atəş açmaqla məqsəd yalnız gərginlik yaratmaqdır. Bu vəziyyətdən isə əsasən keçmiş ATƏT-in Minsk qrupunun həmsədrləri və bölgədə təsir imkanlarını itirməməkdə maraqlı olan qüvvələr faydalanmağa çalışır. Çünki onlar qondarma Minsk qrupunu yenidən dirçəltmək niyyətindədirlər. Buna misal olaraq, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin son bəyanatlarını və Avropa İttifaqının sərhəddə müşahidə aparan missiyasının fəaliyyətini göstərmək olar. Həmin missiya müxtəlif hesabatlar hazırlayaraq bölgədəki vəziyyəti öz maraqlarına uyğun yönləndirməyə çalışır. Təxribatların mahiyyəti açıqdır: Azərbaycan Ordusunu cavab tədbirləri görməyə təhrik etmək”.
Ekspert vurğulayıb ki, düşmənin ucuz təxribatlarına uymamalıyıq:
“Onlar istəyirlər ki, Azərbaycan Ordusu müəyyən əməliyyatlara başlasın və bölgədə vəziyyət gərginləşsin. Buna görə də biz son dərəcə səbrli davranmalıyıq. Hazırda vəziyyətə nəzarət edilir. Əgər Ermənistan 1994-cü ildən 2020-ci ilə qədər ordu quruculuğunda hansısa nailiyyətlər əldə etdiyini düşünürdüsə, 44 günlük müharibə nəticəsində bu iddianın puç olduğu sübut edildi. Son beş il ərzində isə onların hərbi potensialında ciddi dəyişiklik baş verməyib. Aldıqları silah-sursat yalnız ordunun guya modernləşdirilməsi görüntüsü yaratmaq məqsədi daşıyır. Qorxuya düşməməli, eyni zamanda, hər cür təxribatdan maksimum şəkildə sığortalanmalıyıq. Özünü Azərbaycana dost və müttəfiq kimi göstərən bəzi maraqlı dövlətlər bizi avantüraya sürükləməyə çalışırlar. Heç bir halda bu tələyə düşməməliyik. Ermənistan Azərbaycan Ordusunun real gücünü, hərbi potensialını bilir və bundan ehtiyatlanır”.
Polkovnik hazırda Ermənistan ordusunun mövqelərimizə atəş açmasının həm müəyyən siyasi sifarişlərin icrası, həm də bölgədəki cinayətkar qruplaşmaların fəaliyyəti ilə bağlı ola biləcəyini də istisna etməyib. Onun sözlərinə görə, keçmişdə olduğu kimi, bu dəfə də təxribatların əsas məqsədi Azərbaycanı sülh prosesindən yayındırmaq və gərginliyi artırmaqdır.
Qeyd edək ki, martın 16-sı səhər saatlarından başlayaraq Azərbaycan Ordusunun mövqeləri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşə tutulur.
Qiymət Mahir
tag: Üzeyir Cəfərov,Hərbi Ekspert,Polkovnik,Ermənistan,Azərbaycan,Atəşkəs,Todaypress.az,
