Erməni keşişin təxribatçı çağırışı nəyə hesablanıb? - Paşinyanın sülh iddialarına TƏRS SİLLƏ
Təhlil
24.09.2024 17:22
“Sentyabr ayının 24-də İrəvanda bir hərbi hissədə “Artsaxın çağırışı” adlı memorialın açılışı olub. Həmin tədbirdə yepiskov öz çıxışında yenidən revanşist hissləri coşdurub və mütləq “Artsax”ın Ermənistanla birləşdirilməsinin vacibliyindən danışıb. Bunu bir şərəf, ləyaqət məsələsi kimi elan edib”.
Bunu deputat Elman Nəsirov TodayPress-ə verdiyi açıqlamada deyib.
Onun sözlərinə görə, bütün bunlar Ermənistanın Baş naziri Nikol Paşinyanın sülhlə bağlı çağırışları fonunda reallaşır. Prezident İlham Əliyev parlamentin yeddinci çağırış Milli Məclisin açılış iclasında qeyd elədi ki, bizim qarşımızda dayanan bir nömrəli vəzifə hərbi gücümüzün daha da artırılmasıdır. Çünki Ermənistanda həm müxalifət, həm də iqtidar səviyyəsində revanşizm güclüdür:
“Görünür ki, onlar İkinci Qarabağ müharibəsindən və antiterror əməliyyatlarından lazımi dərsi almayıblar. Onları şirnikləndirənlər var. Belə ki, Birləşmiş Ştatlardan, Fransadan maliyyə dəstəyi, hərbi yardım alırlar və bir çox digər ölkələr də onları silahlandırır. Belə olan halda revanşizm daha da güclənir və faktiki olaraq Ermənistanı Üçüncü Qarabağ müharibəsinə hazırlayırlar”.
Millət vəkili bildirib ki, Paşinyan indi məhz sülh müqaviləsinin imzalanmasından danışır. Qeyd edir ki, 80 faiz məsələlər Azərbaycanla razılaşdırılıb. Yerdə qalan 20 faizin isə nə zaman razılaşdırılacağı ilə bağlı suallar hələ də qalmaqdadır. Parlamentarinin fikrincə Ermənistanın siyasi elitası həmin hissəni hissəni saxlayır ki, gələcək nəsillər də bununla məşğul olsunlar.
“Eyni zamanda erməni tərəfi Azərbaycanın ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı tələblərinə əməl etmir. Çünki həmin 20 faizlik həllini tapmayan məsələləri gələcəkdə məhz ATƏT-in Minsk qrupu vasitəsilə tənzimləyib, öz xeyirlərinə həll etmiş olsunlar. Ona görə də Prezident İlham Əliyevin prinsipial və qətiyyətli mövqeyi var ki, bizim üçün yarımçıq sülh müqaviləsi lazım deyil”.
Elman Nəsirovun qənaətincə, “Artsaxın çağırışı” adlı memorialın açılışı da məhz revanşizmin təbliğidir. Azərbaycan sülh istəyir. Buna görə də, baza prinsipləri ilə hazırlanmış layihə Ermənistana təqdim edilib. Rəsmi İrəvan tez bir zamanda sülhə doğru addım atmalıdır. Əks təqdirdə bölgədə konfrantasiya mühiti daha da şiddətlənəcək.
“Sülh müqaviləsi olmayan yerdə kim təminat verəcək ki, yenidən müharibə olmayacaq? Bu müharibə Ermənistana lazımdır? Onlar müharibəyə hazırdır? Hesab edirəm ki, yox. Unutmasınlar ki, Azərbaycan dövləti öz hərbi gücünü daha da artırır. Prezident İlham Əliyev bu məsələni strateji vəzifə kimi müəyyən edib. Eyni zamanda parlamentdə çıxışı zamanı vurğuladı ki, biz həm də hərbi sənaye kompleksimizi gücləndirməliyik və bu sahədə addımlar atılmaqdadır. Qarşı tərəf bütün bunlardan nəticə çıxarmalıdır. Əks halda Ermənistan odla oynamış olacaq”.
Qeyd edək ki, sentyabrın 24-də İrəvanın Yerablur hərbi panteonunda “Artsaxın çağırışı” adlı memorialın açılışı olub. Tədbirdə çıxış edən yepiskop Vrtanes Abramyan deyib ki, bizim ləyaqətimiz Qarabağla bağlıdır, yenidən savaşmalı və hücum etməliyik. Biz hər şeyi etməliyik ki, “Artsax” bütün qanunvericilik və icra normaları ilə Ermənistanın tam hüquqlu bir hissəsi olsun.
Töhfə Səməd
tag: Azərbaycan ,Fransa, Ermənistan ,Sülh,Artsax, todaypress.az,