“Ərəb dünyasının ən qəddar rejimi süqut etdi” - Suriyanı bundan sonra nə gözləyir? - ŞƏRH
Təhlil
31.12.2024 13:35
“Suriyada nəhayət ki, 13 il davam edən vətəndaş müharibəsi özünün məntiqi sonluğuna qovuşdu. Ərəb dünyasının ən qəddar, ədaləsiz rejimi süqut etdi. Bu, Suriya xalqı və dövləti üçün tarixi bir şans yaratdı”.
Politoloq Əhəd Məmmədli bunu 2024-cü ilin mühüm hadisələrindən biri olan, Suriyada Əsəd rejiminin devrilməsini TodayPress-ə şərh edərkən bildirib.
Onun sözlərinə görə, Suriyada yeni bir dövlətin qurulması üçün ilk olaraq ölkənin ərazi bütövlüyü təmin edilməlidir:
“Bunun üçün növbəti hədəf, Suriyanın Şimalından PKK, YPG, PYD terrorçularını təmizləmək olacaq. Ardınca Colan yüksəkliklərinə nəzarəti bərpa etmək lazımdır. Bundan sonra, Suriyada ədalətli cəmiyyət və sosial rifah qurmaq mümkün olacaq”.
Analtik hesab edir ki, Əsəd rejiminin süqutu eyni zamanda Türkiyənin bəynəlxalq aləmdə nüfuzunu gücləndirdi. Bu, Osmanlı imperiyasının dağılmasından sonra Türkiyənin xarici siyasətdə ən böyük geopolitik uğuru sayılır:
“İdmanda belə bir deyim var “Çempion olmaq çətindir, amma çempionluğu qorumaq lap çətindir”. İndi rəsmi Ankara uğurunu qoruyub saxlamalıdır. Düzdür, Türkiyəyə problemlər yaratmağa çalışacaqlar. Ola bilsin provokasiyalar da olsun. Qardaş ölkə hər zaman Suriya xalqının yanında olub. Suriyanın inqilabdan sonra tez ayağa qalxması üçün indi Türkiyə və Səudiyyə Ərəbistanı Suriyaya dəstək verirlər”.
Ə.Məmmədli diqqətə çatdırıb ki, inqilabdan sonra hakimiyyətə gələn qüvvələr üçün proses hər zaman çətin olub. Amma keçid hökuməti düz yolla addımlasa, qətiyyətli və israrlı olsa, eləcə də onlara dəstək verən qüvvələr bunu sondadək davam etdirsələr, Suriya üçün proseslər mübət nəticələnəcək.
Xatırladaq ki, 8 dekabr 2024-cü ildə Bəşər Əsədin rəhbərlik etdiyi Suriya Ərəb Respublikası hökuməti Təhrir əl-Şamın başçılıq etdiyi Suriya müxalifəti tərəfindən süquta uğradı. Dəməşqdə silahlı birləşmələrin lideri, Əbu Məhəmməd əl-Culani ləqəbi ilə tanınan Əhməd əş-Şara hakimiyyətə gəldi. İndi 24 illik Bəşər Əsəd rejiminin sonu Suriya xalqı üçün yeni ümidlər doğurur və bu bölgədə tarixi bir dönüş nöqtəsi kimi qiymətləndirilir.
Günəş Mərd
tag: Suriya,Ərəb,Əhəd Məmmədli,Əsəd rejimi,PKK,Türkiyə,todaypress.az,