Ərdoğan-Tramp danışıqlarının pərdəarxası: “Trampın planlar qurması təsadüfi deyil” – TƏHLİL
“ABŞ prezidenti Donald Tramp Türkiyə ilə bağlı reallıqları anlayır və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla bərabərhüquqlu münasibətlərin daha effektiv olacağını dərk edir”.
Politoloq Tofiq Abbasov bunu TodayPress-ə danışarkən deyib.
Ekspert hesab edir ki, Trampın əsas prioritetlərindən biri güclü liderlərlə əməkdaşlıq etməkdir. Hazırkı siyasi arenada belə liderlərdən biri də Rəcəb Tayyib Ərdoğandır. O, bildirib ki, Trampın Ərdoğana diqqət yetirməsi və onunla bağlı müəyyən planlar qurması təsadüfi deyil:
“Türkiyə son illərdə nüfuzunu artıraraq regional liderdən qlobal liderə çevrilib və bu da ABŞ-nin strateji hesablamalarında mühüm yer tutur. Türkiyənin aktiv və çevik xarici siyasəti xüsusilə Suriya məsələsində özünü göstərdi. Digər tərəfdən, ABŞ-nin siyasi dairələrində Yaxın Şərqdən tədricən geri çəkilmək barədə fikir formalaşıb. Bu, Vaşinqtonun bəzi səlahiyyətləri regionda yaxın tərəfdaşlarına ötürmək niyyətindən xəbər verir”.
Analitik qeyd edib ki, ABŞ və Türkiyə NATO çərçivəsində müttəfiq olsalar da, onların NATO-nun diktə etdiyi siyasətlə bağlı fərqli yanaşmaları var:
“Hər iki ölkə öz maraqlarını qoruyaraq müstəqil qərarlar qəbul edir. Türkiyənin son illərdə Afrikada, Yaxın Şərqdə və İslam dünyasında artan nüfuzu, eyni zamanda onun üzərinə əlavə məsuliyyətlər qoyur. Xüsusilə Suriya məsələsində Ankara artıq uğurlu həll variantları təqdim edərək proseslərdə mühüm aktora çevrilib. Bəzi ölkələrin passivi varsa, Türkiyənin aktivi genişlənir. Bu səbəbdən Tramp Türkiyəyə böyük ümidlərlə baxır”.
T. Abbasova görə, Trampın əsas istəklərindən biri Türkiyə ilə İsrail arasında toqquşmanın olmamasıdır:
“İsrail çox çalışdı ki, druzlar və kürdləri Suriyada öz himayəsinə götürsün, onları çətirinin altında saxlasın. Ancaq Türkiyə buna nəinki imkan vermədi, hətta onun istədiyini özü reallaşdırdı. Həm kürdlər, həm də druzlar Suriyada Dəməşqin bayrağı altında yer aldılar. Türkiyənin də həll variantları özünü uğurla büruzə verir”.
ABŞ-Türkiyə münasibətlərinə toxunan politoloq Cozef Bayden administrasiyası dövründə Ankara-Vaşinqton münasibətlərinin çox gərginləşdiyini xatırladıb. Onun sözlərinə görə, ABŞ-nin “F-16” və “F-35” qırıcı təyyarələri ilə bağlı verdiyi vədlərə əməl etməməsi Türkiyəni çətin vəziyyətə salıb:
“Bu qeyri-ciddi yanaşma təkcə Türkiyəyə deyil, Azərbaycana münasibətdə də özünü göstərdi. Bayden administrasiyası vacib məsələlərə diqqət yetirmək əvəzinə, lazımsız problemləri qabardaraq süni fəallıq nümayiş etdirdi”.
Ekspert son illərə nəzər salaraq, Türkiyənin xüsusilə prezident Rəcəb Tayyip Ərdoğanın liderliyi dönəmində hərbi sənayesini sürətlə inkişaf etdirdiyini və yüksək texnologiyalı silah sistemləri istehsal etməklə bir çox Qərb ölkələri ilə rəqabət apardığını vurğulayıb. O, hətta bu rəqabətdə bir çox Qərb ölkələrinin uduzduğunu vurğulayıb.
T. Abbasov Donald Trampın bu reallığı anladığını və Rəcəb Tayyib Ərdoğanla bərabərhüquqlu münasibətlərin daha effektiv olacağını dərk etdiyini diqqətə çatdırıb. Həmçinin qeyd edib ki, ABŞ-Türkiyə əməkdaşlığının uğurlu olması üçün Vaşinqton da Ankaranın maraqlarını nəzərə almalıdır.
Qeyd edək ki, martın 16-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Donald Trampın telefon danışığı ikitərəfli münasibətlərin yeni mərhələyə keçidini gündəmə gətirib. Liderlər əməkdaşlıq, regional və qlobal məsələləri müzakirə ediblər. Ərdoğan Türkiyənin sülh təşəbbüslərinə ABŞ-nin daha fəal dəstəyini, Suriyada sabitliyin təmin olunmasını və sanksiyaların ləğvini vacib məqam kimi vurğulayıb.
İki ölkə arasında əsas problemlər müdafiə sənayesi ilə bağlı sanksiyalar və "F-16/F-35" proqramlarındakı məhdudiyyətlərdir. Ərdoğan Vaşinqtondan bu məsələlərdə daha praqmatik yanaşma gözlədiyini bildirib.
Qiymət Mahir
tag: Politoloq,Tofiq Abbasov,ABŞ,Tramp,Türkiyə,Rəcəb Tayyib Ərdoğan,Todaypress.az,
