Ərdoğan sazişi təsdiqlədi: Əməkdaşlıq bizə nə vəd edir?

Təhlil

18.04.2025 17:00

15

“Azərbaycan və Türkiyə artıq uzun müddətdir ki, qaz sahəsində əməkdaşlıq edir. İqdır-Naxçıvan qaz boru xəttinin çəkilməsi ilə bağlı saziş də təsdiq edilib”. 

İqtisadçı Xalid Kərimli bunu TodayPress-ə danışarkən bildirib. 

O, qeyd edib ki, TANAP və Cənub Qaz Dəhlizi çərçivəsində Azərbaycan və Türkiyə qaz tədarükü edir. Bu saziş Türkiyədən Naxçıvana çəkilən boru xətti ilə Azərbaycana qazın birbaşa göndərilməsinə töhfə verəcək.   

"Naxçıvanın qaz təminatının təkcə İrandan asılı olmaması, bu təminatın daha çox Türkiyə ilə ödənməsi Azərbaycanın marağına uyğundur. Bu, həm xərclərə təsir edir, həm də asılılığı aradan qaldırır. Aydındır ki, qaz təminatı İrandan asılı olarkən tam müstəqil qərarlar vermək mümkün olmur. Eyni zamanda, İran çox yüksək - 15 faiz komissiya ilə qaz verir. Biz qazı İrana verir, İran da Naxçıvana göndərirdi. Bundan sonra bu məsələlərdə də səmərəlilik əldə olunacaq".

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında Təbii Qaz Sahəsi üzrə Əməkdaşlıq Sazişini təsdiq edib.

Xatırladaq ki, saziş 2024-cü il mayın 14-də İstanbul şəhərində imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyev 2024-cü il iyulun 8-də Sazişi təsdiqləyib.

Sazişə əsasən tərəflər Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında enerji sahəsində uğurlu əməkdaşlığı təsdiq edirlər və bu əməkdaşlığı genişləndirmək istəyirlər; enerji təhlükəsizliyinin təmin edilməsində bir-birinin və Avropa ölkələrinə eneıji təchizatı mənbələrinin şaxələndirilməsində Azərbaycan Respublikasının və Türkiyə Respublikasının mühüm rolunu təsdiq edirlər; Trans-Anadolu Təbii Qaz Boru Kəməri Sistemi (“TANAP”), Bakı-Tbilisi- Ceyhan Əsas İxrac Xam Neft Boru Kəməri, Bakı-Tbilisi-Ərzurum Qaz Boru Kəməri və “Şahdəniz” yatağının 1-ci və 2-ci mərhələsindən təbii qazın alqı-satqısı üzrə uğurlu əməkdaşlığı vurğulayırlar.

Sazişdə əməkdaşlıqla bağlı digər razılaşmalar da əksini tapıb.

Türkan İsgəndərli

tag: Xalid Kərimli,İqtisadçı,Türkiyə,Azərbaycan,Todaypress.az,

photo