Dünyaya nümunə qardaşlıq: “Azərbaycan və Türkiyə bölgənin gələcək inkişafına hazırlaşır” – ŞƏRH
“Azərbaycan və Türkiyə arasında strateji müttəfiqlik və qardaşlıq əlaqələri özünün ən yüksək səviyyəsindədir. Bu gün Azərbaycan və Türkiyə bütün dünyaya nümunə olacaq dostluq münasibətlərinə sahibdirlər”.
Politoloq Kazım Kazımov bunu TodayPress-ə danışarkən deyib.
O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ankaraya səfəri də buna bariz nümunədir:
“Cənab Prezident qardaş ölkədə ən yüksək səviyyədə qarşılandı. Qardaş ölkənin paytaxtı Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilib, LED ekranlardan və divarlardan Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarları əks olunub. İki lider arasındakı görüş, eləcə də görüş sonrası keçirilən mətbuat konfransı bir daha göstərdi ki, Azərbaycan-Türkiyə əlaqələri ən yüksək səviyyədədir”.
Ekspert İğdır-Naxçıvan qaz kəməri layihəsinin açılışına diqqət çəkib:
“Bu, olduqca mühüm hadisədir. Layihə sayəsində Azərbaycan qazı qardaş Türkiyə və Gürcüstan üzərindən artıq Naxçıvana rahat şəkildə nəql ediləcək. Bu isə Naxçıvanın uzun illərdir üzləşdiyi təbii qaz problemlərini tamamilə aradan qaldıracaq”.
Analitik hesab edir ki, dəmiryolu xətti, qaz kəməri və elektrik layihəsi Azərbaycan və Türkiyənin bölgənin gələcək dinamik inkişafına hazırlaşdığını göstərir:
“Şərqlə Qərbi birləşdirən böyük layihələr məhz Azərbaycan və Türkiyə ərazisindən keçəcək. Bu gün hər iki ölkə beynəlxalq layihələrə tam cavab verən standartlara çatıb. Bütün bunlar həm Azərbaycanın, həm də Türkiyənin təhlükəsizliyi və iqtisadiyyatının gələcəyi baxımından böyük əhəmiyyət kəsb edir”.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya işgüzar səfərə gəlib.
Ankarada İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimi keçirilib. Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tədbirdə iştirak ediblər.
Qiymət Mahir
tag: Azərbaycan, Prezident, İlham Əliyev ,Türkiyə,Rəcəb Tayyib Ərdoğan,Görüş,Qardaşlıq,Todaypress.az,