“Dünyanın kəsişməsi”nin üzərindən xətt: “Ermənistan Hindistanda nə axtarır?” – TƏHLİL
“Ermənistanın indiki durumda Türkiyə və Azərbaycanla olan münasibətləri bu ölkənin Baş naziri Nikol Paşinyanın “dünyanın kəsişməsi” layihəsinin gerçəkləşməsinin üzərindən xətt çəkir. Bu səbəbdən Ermənistan Hindistandan dəstək almağa çalışır”.
Politoloq Rəşad Bayramov bunu TodayPress-ə danışarkən deyib:
O, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Hindistana səfəri çərçivəsində Türkiyə ilə münasibətlərin normallaşmasından danışmasının təsadüfi olmadığını bildirib:
“Ermənistanın Baş naziri Nikol Paşinyanın “dünyanın kəsişməsi” layihəsinə dəstək verilməsi üçün döymədiyi qapı qalmayıb. Bu layihə isə özündə məhz Hindistandan başlayan, sonra isə İran, Ermənistan, Gürcüstan vasitəsi ilə Qara dənizdən keçən və Avropaya nəql edilən kommunikasiya xətlərini ehtiva edir. Həmin layihə perspektivsiz olduğu üçün Paşinyan sonradan kifayət qədər böyük və hazır logistika imkanları olan Türkiyə və Azərbaycandan da keçəcək layihə təklif etməyə başladı. Lakin Ermənistanın indiki durumda Türkiyə və Azərbaycanla olan münasibətləri bu layihənin də gerçəkləşməsinin üzərindən xətt çəkir. Mirzoyan da bunları nəzərə alaraq Türkiyə ilə münasibətlərin normalaşması və nəqliyyat yollarının bərpa edilməsi istiqamətində addımlar atdıqlarını deməklə Hindistandan müvafiq layihə üçün dəstək almağa çalışır”.
Ekspertin sözlərinə görə, Hindistan öz növbəsində İkinci Qarabağ savaşı ilə regional güc balansının dəyişməsindən və Rusiyanın mövqelərindəki zəifləmə səbəbindən Cənubi Qafqazda potensial güc vakumundan istifadə etməyə cəhdlər edir. O, bildirib ki, Hindistanın Ermənistanla birgə hərəkət etməsini həm Azərbaycan-Türkiyə-Pakistan tandeminə cavab olaraq, həm də öz infrastruktur layihələrinin marşrutlarının genişləndirilməsi çərçivəsində dəyərləndirmək lazımdır. Ermənistan üçün bu gün Türkiyə ilə münasibətlərin normallaşması, diplomatik münasibətlərin bərpa edilməsi və sərhədlərin açılmasının olduqca vacib və zəruridir.
“Dörd quru sərhəddindən ikisi bağlı olan Ermənistan indi faktiki olaraq İran və Gürcüstanın ümidinə qalıb. Qərbdən gələn sifarişlər və götürdüyü öhdəliklərə uyğun olaraq Rusiyadan uzaqlaşmağı hədəfləyən Ermənistan üçün isə İran və Gürcüstan çıxış yolu deyil. Çünki birincisi, İranla münasibətlərin inkişaf etdirilməsinə Paşinyanı dəstəkləyən Qərb gücləri müsbət yanaşmır, ikincisi isə nə İran, nə də Gürcüstan Ermənistanı Rusiyanın iqtisadi asılılığından qurtaracaq imkanlara və iqtisadi potensiala malikdir”.
Analitik Ermənistan və havadarlarının bu gün regionda Ermənistanı Rusiyanın iqtisadi asılılığından qurtara biləcək tək gücün Türkiyə olduğunu başa düşdüklərini vurğulayıb:
“Odur ki, həm Ermənistan buna can atır, həm də Qərb bu istiqamətdə Türkiyəyə təzyiqlər edir. Qərb uzun müddət ərzində çalışdı ki, Türkiyə və Ermənistan sərhədlərinin açılması və ümumiyyətlə, münasibətlərin normallaşması Azərbaycan-Ermənistan münasibətlərindən asılı olmayaraq baş versin. Amma Türkiyə bu istiqamətdə geri addım atmayaraq qətiyyətini göstərdi. Odur ki, Ermənistan həqiqətən də Türkiyə ilə münasibətlərin normallaşmasını istəyirsə, ilk növbədə Azərbaycanla münasibətlərin normallaşmasını, sülh sazişinin imzalanmasını təmin etməli, Zəngəzur dəhlizi ilə bağlı məsələni həll etməlidir”.
Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Hindistan KİV-ə müsahibəsində bildirib ki, Ermənistan Türkiyə ilə dinamik dialoq aparır və məqsəd diplomatik əlaqələr qurmaq və sərhədləri açmaqdır. Onun sözlərinə görə, sərhədin ilkin olaraq üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açılması barədə razılaşma əldə edilsə də, hələ reallaşmayıb. Mirzoyan əlavə edib ki, münasibətlər tam normallaşarsa, bu, yalnız iki ölkəyə deyil, regiondakı digər oyunçulara da xeyir gətirəcək.
Qiymət Mahir
tag: Azərbaycan,Ermənistan,Türkiyə,Paşinyan,todaypress.az,
