Dünyanın gələcək dizaynı: "Əsas mübarizə ABŞ və Çin arasında olacaq” – TƏHLİL

Təhlil

16.04.2025 13:50

88

“Qlobalda, xüsüsən də Avropada son vaxtlar müxtəlif nəşrlərdə dünyanın gələcək  dizaynı ilə bağlı bir-birindən fərqli yazılar, xəritələr dərc olunur. Lakin bütün bunlar əslində real planı kölgədə saxlamaq üçün fikirləri başqa istiqamətə bilərəkdən yönəltməklə bağlıdır”. 

Beynəlxalq məsələlər üzrə ekspert Elşən Mustafayev bunu “Newsweek” tərəfindən dərc olunan xəritədə əks olunan dünyanın yenidən bölünməsini TodayPress-ə şərh edərkən deyib. 

Onun sözlərinə görə, məsələnin hazırda gedən proseslərlə heç bir əlaqəsi yoxdur. 

“1990-cı illərə qədər təxminən 45-50 il müddətində dünyada iki güc mərkəzi - Rusiya və ABŞ olub. Dünyamız onların vasitəsilə müəyyən balansı saxlayıb. Onun nəticəsi idi ki, kiçik daxili müharibələr istisna olmaqla bu illər ərzində Üçüncü Dünya müharibəsindən yan keçildi. Burada ABŞ və əsasən Qərbi Avropa ölkələri bir tərəfdə, digər tərəfdə isə SSRİ və Şərqi Avropa ölkələri idi. 1990-cı illərdən sonra ABŞ tək güc mərkəzinə çevirildi, Rusiya isə böyük ərazi və nüvə silahına malik olmasına baxmayaraq, sıradan bir dövlət oldu. Bu illər ərzində Çin səbrlə və özünün iqtisadi inkişafı ilə yeni bir qütbün yaranmasını reallaşdırıb. Amma Rusiyadan fərqli olaraq digər dövlətlərlə təhdid dilində danışmayıb, ərazi iddiaları irəli sürməyib və s. İqtisadi  yatırımları ilə dünya  siyasətində ağır gücə çevirilib”.   

Analitikin fikrincə, bütün bunlar o demək deyil ki, dünya 3 təsir zonasına bölünəcək və əsas aktorlar ABŞ, Çin və Rusiya olacaq. Rusiya artıq dünyada öz güc və qüvvəsini demək olar ki, itirib. Bərpa edəcəyi isə inandırıcı deyil. Buna heç imkan da verilməyəcək. 

“3 ildən artıqdır ki, Ukrayna bataqlığında çabalayan bir dövlət hazırda öz reputasiyasının hayındadır. Əslində hazırda gedən bütün mübarizələr iqtisadi resurslar, loqistika üzərindən gedir. Rusiyadan başqa heç bir dünya nəhəngi yeni ərazilər işğal etmək siyasəti qurmurlar. O səbəbdən, bəli, Çin hazırda ABŞ üçün bu sahədə başlıca təhlükə mənbəyidir. Hesab edirəm ki, yaxın gələcəkdə iqtisadi təsir dairələri üzərində əsas mübarizə ABŞ və Çin arasında olacaq. Rusiya artıq dünyada güc mərkəzi deyil”. 

Politoloq diqqətə çatdırıb ki, bu gün Tramp adminstrasiyasının Avropa İttifaqı (Aİ) ölkələri ilə yaşadığı bəzi gərgin münasibətləri də ciddiyə almaq lazım deyil. ABŞ fərdlərin düşüncəsinə görə özünün qlobal siyasətini quran ölkə deyil. Aİ ABŞ üçün strateji və həyati vacib olan qitədə yerləşir.

Ağ Ev həmin regionu kiminsə təsir dairəsinə güzəştə getməz. Xüsusilə Rusiyanın indiki durumunda bütün Avropanı təsir altına almasını düşünənlər ya siyasi diletantdırlar, ya da bilərəkdən iz itirmək üçün belə fikirlər formalaşdırmağa çalışırlar.

“Yaxın gələcək üçün Aİ ABŞ ilə müttəfiqliyini saxlamaq şərtilə hərbi və iqtisadi münasibətlər üzərində ciddi güc mərkəzi yaradacaq. Böyük Britaniya Aİ üzvü olmasa da, bu ssenaridə əsas fiqur olmaqla ABŞ-Avropa münasibətlərində körpü rolunu oynayacaq. Həm də unutmamalıyıq ki, Böyük Britaniya və Fransa Avropanın iki nəhəng nüvə dövlətidir. Rusiyanın isə yeni dövr üçün lider rolu görünmür. Ukrayna problemindən canını qurtarsa belə, hələ uzun müddən iqtisadi sanksiyalarla üz-üzə qalacaq. Ən yaxşı halda ətrafına 3-cü dünya dövlətlərinin bəzilərini, həmçinin Şimali Koreyanı, İranı və s. toplaya bilər. Həmçinin, ola bilsin ki, post-sovet respublikalarını yenidən öz çətiri altına salmağa cəhdlər etsin. Amma bu cəhdlərin uğursuz olacağı da bəlli məsələdir”.   

Elşən Mustafayev sonda bildirib ki, bütün bu sadalananları nəzərə alaraq gələcəkdə dünyanın kimlərin nəzrətində, neçə təsir dairəsinə, hansı şəkildə bölünəcəyini demək mümkün deyil. Çünki hadisələr axınının hər an fərqli istiqamətdə dəyişmə ehtimalı var. 

Qeyd edək ki, "Newsweek” nəşri dünyanın ABŞ, Çin və Rusiyanın maraq dairəsinə bölünməsini əks etdirən xəritə yayımlayıb. Yazıda 3 ölkə arasında şahmat oyununa bənzər mübarizə getdiyi qeyd edilib.

Təqdim edilən xəritədə hər ölkənin təsir zonaları ola biləcək regionlar var. Çinin təsir dairəsi Cənub-Şərqi Asiyanı, o cümlədən Pakistan, Hindistan və Yaponiyanı əhatə edəcək. ABŞ “Monro doktrinasına” görə Şimal Amerikaya, o cümlədən Qrenlandiyaya hakim olacaq. Rusiyanın  “payı” isə Avropanın tamamı, Türkiyə və Cənubi Qafqaz ölkələri olacaq.     

Töhfə Səməd

tag: Elşən Mustafayev,Ekspert,Rusiya,Çin,ABŞ,Todaypress.az,

photo