Dünya Paris Olimpiadasına, yoxsa “qəribə şou”ya şahidlik edir ?
Təhlil
27.07.2024 18:55
Artıq indidən deyə bilərik ki, XXXIII Yay Olimpiya Oyunları ona qədər keçirilən multiidman tədbirlərini sözün pis mənasında keyfiyyət və təhlükəsizlik baxımdan kölgədə qoyacaq.
Başlayaq ondan ki, dörilliyin möhtəşəm yarışının açılış mərasimi baş tutmaya bilərdi.
TodayPress-in xəbərinə görə, Fransa hökuməti yarış zamanı açılış mərasimini və Oyunların keçiriləcəyi yerləri “görünməmiş” təhlükəsizlik əməliyyatı ilə qoruyacağını vəd edirdi. Amma sən saydığını say, gör fransızlar nə deyir.
Artıq Oyunlara qədər Parisdə idmançılar soyulur, turistlər zorakılığa məruz qalırdılar. Paytaxt polisi isə oyunları pozmağa çalışanlar qarşısında aciz idi.
Bir qədər sonra bütün bunlara quldurluqlar da əlavə olundu. Argentina millisinin yarımmüdafiəçisi Tiaqo Almada əşyasız qaldı. Futbolçunun məşqdən sonra əşyaları oğurlandı, üzükləri və saatları itdi.
Daha sonra Parisdə Braziliya futbolunun əfsanələrindən biri olan Ziko qarət olundu. 71 yaşlı sambaçının 500 min avro dəyərində portfeli oğurlandı. Çantada bahalı saat, brilyantlar, nağd pul və müxtəlif zinət əşyaları var idi.
Parisdə Olimpiadanı işıqlandırmağa gələn Avstraliyanın “Nine Entertainment” media şirkətinin əməkdaşları isə yayım mərkəzindən evə qayıdarkən bir qrup naməlum şəxs tərəfindən hücuma məruz qaldılar.
Daha bir qalmaqallı hadisə Parisdəki kababxanaların birində yaşandı. Belə ki, 25 yaşlı avstraliyalı qadın turist, Afrika əsilli olduğu güman edilən 5 kişi tərəfindən zorakılığa məruz qaldı. Bu olay beynəlxalq ictimaiyyətdə narahatlıq yaratdı.
Digər tərəfdən Olimpiya Oyunlarının təşkilatçıları tərəfindən yarış iştirakçıları üçün yaradılan şərait də ürəkaçan deyil. Olimpiyaçıların düşərgəsində karton çarpayılar çoxlarının narazılığına səbəb oldu. Bundan başqa idmançılar qida qıtlığından şikayətlənir, içməli su və nəqliyyat çatışmazlığından əziyyət çəkirlər. Buna etiraz əlaməti olaraq Cənubi Koreya millisinin bir qrup üzvü Olimpiya kəndini tərk edərək, yarış yerinə yaxın oteldə məskunlaşmağa qərar verdi. Üzgüçülər hər dəfə Olimpiya kəndindən hovuza getmək üçün saatyarımdan artıq vaxt sərf etdiklərini bildirirdilər.
Baş verənlərə yerli sakinlər də laqeyd qalmayıblar. Fransalı jurnalist Olimpiadanı işıqlandırmaqdan imtina edib. “L'Incorrect” nəşrində çalışan Culiyet Brien, Oyunları “qəribə şou” adlandırıb. “Makron Fransanı aşağılayır” başlıqlı yazı bölüşən italiyalı jurnalist və iqtisadi analitik Angelo Giuliano isə Rusiyadan sığınacaq istəyib.
“Qəribə şou”dan sonra jurnalistləri daşıyan avtobusun yolda qəzaya uğraması da Fransaya baş ucalığı gətirməyəcək.
Qeyd edək ki, 2024-cü il Olimpiya Oyunlarının açılış mərasimində LGBT nümayəndələri əsas rolda olub. Bu, müxtəlif ölkələrdə tənqid edilib və narazılıqla qarşılanıb. Yunanıstanın “Pronews.gr” portalı mərasimi Qərbdə sivilizasiyanın və xristian mədəniyyətinin süqutu adlandırıb. Amerikalı milyarder, “Tesla” və “SpaceX” şirkətlərinin qurucusu İlon Mask isə açılış mərasimini xristianlara qarşı açıq-aşkar hörmətsizliyin təzahürü kimi qiymətləndirib.
Parisdəki şou transgenderlərlə bağlı yaranan qalmaqalla yanaşı, daha bir neçə insidentlə yadda qalıb. Belə ki, Olimpiya bayrağı dirəyə tərs quraşdırılıb və elə də asılı nümayiş etdirilib.
Sadaladıqlarımız mənfi təzahürlər azmış kimi, Fransa Olimpiya Oyunlarının tarixi və təməl prinsiplərini pozaraq, ondan Azərbaycana qarşı qərəzini ifadə etmək üçün vasitə olaraq da istifadə edir. Belə ki, erməni komandasının keçidi zamanı telekanalın aparıcılarından biri Ermənistana qarşı simpatiyasını gizlədə bilməyib və "Ermənistan, bizim erməni dostlarımız, tarixən fransızların ürəyinə yaxın bir ölkə olub" sözlərini işlədib. Aparıcı həmçinin, Qarabağdakı qondarma rejimin tarixdən silinməsi ilə bağlı təxribatçı fikirlər də səsləndirib.
Paris Olimpiası avqustun 11-dək davam edəcək. Paralimpiya Oyunlarında hansı “qəribə şou”ların şahidi olacağımızı isə zaman göstərəcək.
Namiq HUN