Dünya böyük demokratiyadan böyük gücə: “Bu, sistemin çökdüyünü göstərir" – TƏHLİL
“Münaqişələrin bitməsini təmin edən amil hüquq deyil, gücdür”.
Politoloq Natiq Miri bunu TodayPress-ə danışarkən deyib.
Onun sözlərinə görə, günümüzün reallığına əsasən, güc anlayışı hüququn gücünü təkzib edir. Bu, bütün qlobal güclərin gerçəkliyidir.
"Özlərinin geosiyasi maraqlarını öncə güc tətbiq edərək təmin edir, daha sonra isə bunu beynəlxalq hüquq ilə əlaqələndirirlər. Eyni siyasəti bugün bütün dünyada beynəlxalq münasibətlər sistemini yerlə bir edən Donald Tramp administrasiyası aparır. Burada da bütün davranışlar, siyasət güc amilinə dayanır. "Mən güclüyəm, istədiyimi edə bilərəm" anlayışı ilə bütün dünya dövlətlərinə bir anda çox böyük faizlərlə rüsum tətbiq olunur və getdikcə artırılır. Yəni, bu, İkinci Dünya müharibəsindən sonra mövcud olan beynəlxalq münasibətlər sisteminə daban-dabana ziddir və bu, sistemin artıq çökdüyünü göstərir".
Analitik diqqətə çatdırıb ki, hazırda daha çox Avropa İttifaqının (Aİ) əsaslandığı dəyərlər, iqtisadiyyat və digər liberal yanaşma siyasəti çökməkdədir. Bunu edən isə Tramp deyil. Bugün Aİ ABŞ-nin liderindən şikayət etsə də, vaxtilə məhz bu güclərin ortalığa atdığı siyasət öz son inkişaf həddinə çatıb. Bu isə artıq sistemin əksinə çevrilməsi deməkdir.
“Bu gün hüquq və demokratiya anlayışı Aİ məkanında tamamilə fərqli yöndə fəaliyyət göstərir. İttifaq qəbul etdiyi beynəlxalq dəyərlər sisteminə uyğun prinsiplərdən ikili standartlara əsaslanaraq, selektiv olaraq istifadə edir. Hazırda işğalçı dövlət olmasına rəğmən, Ermənistanı müdafiə edən Aİ və Fransa kimi dövlətlər mövcuddur. Azərbaycana qarşı süni olaraq təşkil olunan hücumlar, təbliğatlar, dezinformasiyalar, təzyiq və qəbul olunan qanunsuz qətnamələr bariz ikili standartın nümunələridir. Bu, hüquq və demokratiyanın artıq iflasa uğradığını göstərir. Qeyd olunan iki anlayış indi sadəcə sözdə mövcuddur”.
Politoloq bildirib ki, hazırda dünyada ciddi dəyişikliklər baş verir. Buna stimul verən isə ABŞ və onun yeni prezidenti Donald Trampdır. Münasibətlər sistemi dəyişir, liberal siyasət aradan qalxır, güc amili, istər iqtisadi, maliyyə, istər də hərbi tərəfdən önə çıxır. Bu da yeni münasibətlər sistemini ortaya qoyur.
“Doğrudur, hələ yeni dediyimiz bu anlayışlar, dəyişikliklər oturuşmuş qlobal sistem deyil. Hətta düşünürəm ki, bu prosses olduqca ağrılı keçəcək. Ancaq hər bir halda köhnə sistemin də iflasa uğradığının şahidi oluruq. Ona görə də hər bir ölkə, o cümlədən Azərbaycan dövləti də ayaqda dura bilmək üçün güclü olmağa, cəmiyyətin bir olmasına ehtiyac duyur”.
Ekspert hesab edir ki, Azərbaycanı güclü edən digər qardaşlıq münasibətlərinə, birliklərinə ehtiyac var. Bu yöndə siyasəti də sözdə deyil, əməli fəaliyyətdə gücləndirmək lazımdır.
Töhfə Səməd
tag: Natiq Miri,Politoloq,Qlobal Güc,Hüquq,Todaypress.az,
