Dostluq körpüsünü uçuran Makronun düşmənçilik siyasəti: “O, bununla bir növ göz dağı vermək istəyir” - RƏY
Təhlil
20.12.2024 17:59
“Makron hökuməti Ermənistanı silahlandırmaqla ilk növbədə sülhün baş tutmasının qarşısını alır, sülh prosesini yubadır, Ermənistanı cəsarətləndirərək öhdəliklərinin yerinə yetirilməməsinə şərait yaradır. Beləcə gələcəkdə regionumuzda baş verə biləcək münaqişənin alovlanmasında qığılcım rolunu oynayır”.
Millət vəkili Naqif Həmzəyev bunu TodayPress-ə danışarkən bildirib.
Onun sözlərinə görə, Makron hökuməti açıq şəkildə Ermənistanı dəstəkləyir və dəstəyini sözdə yox, aktiv şəkildə Ermənistana silahlar göndərməklə, xüsusilə də ona hücum məqsədi ilə istifadə edilə biləcək silahlar verməklə göstərir:
“Cənab Prezidentin “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova verdiyi müsahibədə qeyd etdiyi kimi zamanında Fransada çox böyük mütəfəkkirlər yetişib. Fransanın regionumuzla bağlı siyasəti daha ədalətli olub. Fransa hakimiyyətində təmsil olunan şəxslər Azərbaycanla münasibətlərin normal səviyyədə olmasında maraqlı olublar. Eyni zamanda bu ölkələr arasında qarşılıqlı ticari əlaqələr də mövcud olub. Ancaq Makronun hakimiyyəti dönəmində bu proseslər hər ötən gün daha da pisləşib və nəticə etibarı ilə Makronun səriştəsiz Cənubi Qafqaz siyasəti Azərbaycana qarşı açıq şəkildə düşmənçilik siyasətinin yer etməsinə gətirib çıxarıb”.
Parlamentari diqqətə çatdırıb ki, yaxın zamanda baş verən bütün hadisələr, xüsusilə də Fransa tərəfindən Ermənistana silahların göndərilməsi, Avropa İttifaqının mülki müşahidə missiyasının Ermənistanda fəaliyyət müddətinin artırılması və müşahidə missiyası adı altında, əslində, şərti Ermənistan-Azərbaycan sərhədində keçmiş hərbçilərin və kəşfiyyatçıların fəaliyyət göstərməsi, Ermənistan ordusunun komplektləşdirilməsi, onlara kəşfiyyat məlumatlarının ötürülməsi, verilən yeni silahlardan istifadə qaydalarının tədris edilməsi kimi işlərdə iştirak etməsi birbaşa Makron hökmətinin dəstəyi ilə həyata keçirilib:
“Ədalətdən, insan haqlarından danışan, bəzi dövlətlərə demokratiya dərsi keçmək istəyən Makron hökuməti əslində dediklərinin tamamilə ziddinə gedərək çox təəssüf ki, Cənubi Qafqazda Azərbaycan və Ermənistan münasibətlərinin normallaşmasına bu şəkildə əngəl törədir. Xüsusilə də Azərbaycanla güc dili ilə, təhdid dili ilə danışmağa cəhd edən Makron hökməti bugünə qədər heç bir istədiyini reallaşdıra bilməyib. Bu baxımdan da o, Ermənistanı aktiv silahlandıraraq bir növ bizə gözdağı vermək və faktiki olaraq Ermənistanı öz nəzarətində saxlamaq, onun vasitəsi ilə Cənubi Qafqazdakı siyasəti vəziyyəti qarışdırmaq istəyir”.
Deputat hesab edir ki, Makron hökumətinin dövrü elə də uzun olmayacaq. Artıq Makron ciddi, uğurlu bir siyasətçi olaraq qəbul edilmir:
“Fransada yeni hakimiyyətə gələcək hökumət və siyasi rəhbərlik, Makronun buraxdığı səhvləri düzəldə biləcək və regionumuzla bağlı daha balanslaşdırılmış siyasət yürüdəcək. Fransa Azərbaycan münasibətlərinin normallaşması və yaxşılaşması üçün Makronu əvəzləyəcək hökumətin üzərinə isə çox böyük bir yük düşəcək ki, bu soyuq münasibətləri istiləşdirə bilsin. Çünki Azərbaycan və Fransa arasında zamanında çox yaxşı əlaqələr olub və bu gün də Azərbaycan bu münasibətlərin bərpasında və münasibətlərin yaxşılaşmasında maraqlıdır. Yetər ki, Makronun buraxdığı səhvlərə və Fransa tərəfindən həyata keçirilmiş bu siyasətə düzəlişlər edilsin. Ermənistanın aktiv silahlandırılması dayandırılsın və bizim regionumuzla, xüsusilə də Azərbaycanla münasibətlərə yenidən baxılsın.”
N.Həmzəyev sonda vurğulayıb ki, Cənab Prezident İlham Əliyevin müsahibəsi zamanı verdiyi mesajlardan Fransanın gələcək hakimiyyəti, gələcəkdə qurulacaq yeni hökumət doğru-düzgün nəticə çıxarmalıdır. Çünki regionun ən aparıcı dövləti Azərbaycandır.
Azərbaycanla münasibətlərin soyuması, Azərbaycanla iqtisadi ələqələrin zəifləməsi, Azərbaycanda Fransa şirkətlərinin fəaliyyətinin zəifləməsi nəticə etibarilə Fransa üçün də çox böyük problem yaradır. Artıq xarici ekspertlər bununla bağlı mövqeyi ortaya qoyublar. Yaxın gələcəkdə bütün bu problemlər öz həllini tapsa, Azərbaycan Fransa ilə yeni səhifə açaraq münasibətləri inkişaf etdirə biləcək.
Qeyd edək ki, Prezident İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibə verib. Müsahibə zamanı ölkə başçısının diqqət çəkdiyi mövzulardan biri də Fransa-Azərbaycan münasibətləri olub.
Günəş Mərd
tag: Makron, Ermənistan ,Nafiq Həmzəyev, Aİ, todaypress.az,