Dondurulmuş münaqişə YENİDƏN ALOVLANIR: Türkiyə koalisiya ilə qarşı-qarşıya - ŞƏRH

Təhlil

28.11.2024 17:56

“Hələb istiqamətində Əsəd qüvvələri ilə terrorçu qruplaşmalar arasında birgə fəaliyyətin koordinasiya edilərək Türkiyəyə qarşı yönəldilməsi Ankaranı narahat edir. Ona görə də Türkiyə artıq təhlükəsizlik məsələsini yenidən gündəmə gətirir”. 

Bunu politoloq Samir Hümbətov, Suriyada dörd illik dondurulmuş münaqişənin noyabrın 28-də yenidən alovlanması ilə bağlı TodayPress-ə danışarkən deyib. 

Onun sözlərinə görə, Türkiyəni düşündürən digər əsas məsələ regionda baş verə biləcək münaqişənin daha geniş areala yayılması ehtimalıdır. Bunun qarşısını almaq üçün Ankara hərəkətə keçmək məcburiyyətindədir: 

“ABŞ-də Donald Trampın hakimiyyətə gəlməsi təkcə Rusiya-Ukrayna deyil, eyni zamanda, Yaxın Şərqdə, xüsusən də, Suriyada PKK/YPG və digər qruplaşmaların üzünü güldürdü. Tramp seçkidə qalib gəldikdən sonra “yeni mərhələdə PKK\YPG-nin qolları ilə əməkdaşlığa yenidən baxacağıq. Bu istiqamətdə fəaliyyətimizi dərinləşdirə bilərik” formasında tvitlər paylaşmışdı. Bu da o deməkdir ki, Amerika terror qruplaşmaları vasitəsilə artıq Suriyada Əsəd rejimi ilə əlaqələri dərinləşdirib, Türkiyəyə qarşı koalisiya şəklində hərəkət etmək istəyir. Ona görə də düşünürəm ki, indiki halda Türkiyənin bu addımı qarşıda ola biləcək istənilən təhlükəni zamanında aşkarlayıb aradan qaldırılmağa xidmət edir”. 

Analitik Suriya prezidenti Bəşər Əsədin Moskva səfərindən də söz açıb:

“Onun bu səfəri Rusiya qüvvələrinin oradakı hərbi hissələrinin Türkiyə ilə danışıqlara gedib, həmin ərazilərdəki Türkiyə qoşunlarının dayandırılması və Türkiyə yönümlü Milli Ordusunun fəaliyyətini nisbətən toparlamağa xidmət edir. 

İndiki halda Rusiya Türkiyəyə bu təklifi etsə də, Ərdoğanın bunu qəbul edəcəyi sual doğurur. Çünki son vaxtlar tərəflər arasında müzakirə olunması lazım olan, amma qəbul edilməyən məsələlər var”.

Qeyd edək ki, Suriyada dörd illik dondurulmuş münaqişə noyabrın 28-də yenidən alovlanıb. İslamçı “Heyət Təhrir əş-Şam” qruplaşması türkiyəyönlü qüvvələrin dəstəyi ilə Hələb şəhərinə doğru irəliləməyə başlayıb. Bu, dörd il əvvəl münaqişənin dondurulmasından bəri ən böyük eskalasiyadır. 

Günəş Mərd

tag: Suriya, Türkiyə, Ərdoğan, Rusiya, Milli ordu, todaypress.az,

photo