Dərinləşən Azərbaycan ŞƏT münasibətləri: Fərqli yanaşma, balanslı mövqe!

Təhlil

22.04.2025 14:51

67

“Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT)  ilə əməkdaşlığı strateji xarakter daşıyır”.

Politoloq Tural İsmayılov bunu TodayPress-ə danışarkən deyib. 

Onun sözlərinə görə, Azərbaycan uzun müddətdir ki, ŞƏT ilə faydalı və çoxşaxəli əməkdaşlıq münasibətləri qurub. Rəsmi Bakı təşkilat çərçivəsində keçirilən tədbir və müzakirələrdə fərqli yanaşması və balanslı mövqeyi ilə aktiv iştirak edir. 

“Azərbaycanın təkliflərinə ŞƏT-də fikir və qərarvermə prosesində mütəmadi ehtiyacın duyulması, ölkəmizin bu platformadakı artmaqda olan nüfuzunu təsdiqləyir. Həmçinin təşkilata üzv ölkələrlə, xüsusilə təşkilatın aparıcı güclərindən biri olan Çin Xalq Respublikası ilə münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsindədir. Azərbaycan və Çin arasında imzalanmış ikitərəfli sazişlər və əməkdaşlıq proqramları, təkcə iki ölkə arasında deyil, bölgə səviyyəsində iqtisadi və nəqliyyat inteqrasiyasının dərinləşməsinə də töhfə verir. Bu əməkdaşlıq eyni zamanda ŞƏT-in öz daxilində iqtisadi əməkdaşlıq imkanlarının genişlənməsi baxımından da mühüm əhəmiyyət kəs edir”.

Analitik diqqətə çatdırıb ki, Azərbaycan, işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi bərpa və inkişaf layihələri ilə, bölgədə yeni iqtisadi imkanlar formalaşdırmaqla yanaşı, regional və qlobal əməkdaşlıq platformaları ilə əlaqələrini daha da gücləndirir. Bu baxımdan, ŞƏT çərçivəsində əməkdaşlıq regional sabitlik və dayanıqlı inkişaf baxımından qarşılıqlı faydalı perspektivlər vəd edir.

“Azərbaycanın coğrafi mövqeyi - Avropa ilə Asiya arasında yerləşməsi və transregional nəqliyyat dəhlizlərinin mərkəzində olması, ölkəmizi logistik, enerji və kommunikasiya baxımından əvəzolunmaz tərəfdaşa çevirir. Bu amillər Azərbaycanın ŞƏT-ə praktik töhfə vermək potensialını daha da artırır. Nəticə etibarilə, Azərbaycan ilə ŞƏT arasında mövcud əməkdaşlıq modeli qarşılıqlı hörmət, suverenliyə əsaslanan və praqmatik yanaşmaya söykənən uğurlu bir nümunədir və bu münasibətlərin gələcəkdə daha da dərinləşəcəyi gözlənilir”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezident İlham Əliyev Çinin “Sinxua” agentliyinə verdiyi müsahibədə ölkələrimizin sıx ikitərəfli qarşılıqlı fəaliyyətinin Azərbaycanın ŞƏT çərçivəsində əməkdaşlığının dərinləşməsinə və bu təşkilatın statusunun artmasına səmərəli surətdə kömək edəcəyini diqqətə çatdırıb. 

Töhfə Səməd

tag: Şanxay Əməkdaşlıq Təşkilatı,Azərbaycan,Çin,Tural İsmayılov,todaypress.az,

photo