Deputat: "Türkiyə tarix boyu sınaqlardan keçib və üzüağ çıxıb"

Təhlil

23.03.2025 17:36

2421

"Son hadisələr Azərbaycan ictimaiyyəti və dövləti tərəfindən də diqqətlə izlənilir. Biz qardaş və dost ölkə olaraq, Türkiyədə hər zaman sabitliyin, əmin-əmanlığın olmasını arzulayırıq".

Bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov Türkiyədə baş verən son hadisələrlə bağlı TodayPress-ə danışarkən bildirib.

O, Türkiyə-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olduğunu və bu əlaqələrin hər iki ölkə rəhbərinin xüsusi rolu sayəsində inkişaf etdiyini vurğulayıb.

"Türkiyə güclü və hüquqi dövlətdir. Güclü ordusu və hüquq-mühafizə orqanları var. Ölkə tarix boyu bir çox ağır sınaqlardan uğurla keçib. Prezident Rəcəb Tayyib Ərdoğanın da qeyd etdiyi kimi, Türkiyə Respublikası küçədə qurulan ölkə deyil və küçə terroruna təslim olmayacaq”.

Millət vəkili əlavə edib ki, Türkiyə hüquq-mühafizə orqanları bütün məsələləri detallı şəkildə araşdırır və reallığa uyğun addımlar atır.

"Biz əminik ki, Türkiyə bu sınaqdan da uğurla keçəcək, dövlətçilik ənənələri daha da güclənəcək. Çünki həm bizə, həm bölgəmizə güclü Türkiyə lazımdır. Rəsmi Ankaranın uğuru bizim uğurumuzdur" deyə deputat yekunlaşdırıb. Türkan İsgəndərli

tag: Türkiyə,Aksiya,Əkrəm İmamoğlu,todaypress.az,Ceyhun Məmmədov,