"Demokratiya fədailəri", sizin vicdanınız onda harada idi?!" - Ramiz Yunus "Amerikanın Səsi" və "Azadlıq Radiosu"ndan danışdı
"ABŞ prezidenti Donald Trampın həm USAID, həm də "Amerikanın Səsi" və "Azadlıq Radiosu" kimi KİV-lərlə bağlı həyata keçirdiyi radikal islahatlar Rusiya liberal müxalifətinin narazılığına səbəb olduqca, Ağ Evdəki hazırkı administrasiya mənə daha da xoş gəlməyə başlayır. Çünki həm USAID, həm də adıçəkilən KİV-lər, eləcə də bütün Rusiya liberal müxalifəti Azərbaycan müstəqillik əldə etdiyi gündən bəri beynəlxalq hüququ ayaqlar altına ataraq hər zaman anti-Azərbaycan mövqeyində olub, Ermənistanın işğalçı siyasətini açıq şəkildə dəstəkləyib".
TodayPress xəbər verir ki, politoloq Ramiz Yunus bu barədə öz "Facebook" hesabında yazıb.
Analitik ABŞ liderinin sözügedən islahatlarından söz açarkən əlavə edib:
"İndi isə bu ikiüzlülər "söz azadlığı" və "insan haqları" barədə "timsah göz yaşları" tökəndə, onlardan soruşmaq istəyirəm: Bəs, hörmətli "demokratiya fədailəri", sizin vicdanınız harada idi?! Niyə həmin qərəzli KİV-lər Birinci və İkinci Qarabağ müharibələri zamanı Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün pozulması, təxminən bir milyon azərbaycanlının öz doğma torpaqlarından qovulması barədə bir kəlmə belə danışmırdı? Niyə USAID bütün bu illər ərzində Ermənistanı və onun işğalçı siyasətini qeyd-şərtsiz dəstəkləyirdi?!
Düşünürəm ki, ABŞ xüsusi xidmət orqanlarının bu məsələlərlə bağlı bir çoxunuzda sualları yaranmalıdır.
Eyni zamanda, bu suallar USAID-in keçmiş rəhbəri Samanta Pauerə də ünvanlanmalıdır. ABŞ vergi ödəyicilərinin pulu hesabına USAID vasitəsilə Rusiya oliqarxı Ruben Vardanyanı – "Putinin cüzdanı" kimi tanınan və hazırda ABŞ, Aİ və Ukraynanın sanksiyaları altında olan, eləcə də Bakıda çoxsaylı cinayətlərinə görə mühakimə olunan bir şəxsi müdafiə etmək nə dərəcədə əsaslı və haqlıdır?!".
Ramiz Yunus sonda Donald Trampın Ağ Evə qayıdışından söz açıb:
"Bu gün Amerika prezidenti Trampın administrasiyası ABŞ-nin qurucu ataları tərəfindən qoyulmuş xristian dəyərlərinə qayıdışdan çox danışır. Ümid edirəm ki, ədalət öz yerini tapacaq və Samanta Pauer tezliklə 11 il həbs cəzası almış Bob Menendezlə qonşu kamerada olacaq. Böyük katolik teoloq və filosof Avreli Avqustinin dediyi kimi: "Harada ədalət yoxdur, orada dövlət də yoxdur".
Nicat Osman
tag: Tramp,Amerikanın Səsi,Azadlıq Radiosu,Siyasət,Təhlil,todaypress.az,