Danışıqlara alternativ müharibə: İranın seçimi nə olacaq? – TƏHLİL

Təhlil

12.03.2025 17:17

2493

“İran hesab edir ki, ABŞ danışıqlar vasitəsilə İranın nüvə proqramını nəzarətdə saxlamaq əvəzinə, onun üzərindən böyük xətt çəkmək məqsədi güdür”.

Politoloq İlyas Hüseynov bunu TodayPress-ə danışarkən deyib.

O, ABŞ prezidenti Donald Trampın hakimiyyətə gəldikdən sonra çox qəti şəkildə İsrail siyasətini dəstəklədiyini bəyan etməsini xatırladıb: 

“Hətta yaxın Şərqdə Fələstin "problemindən” birdəfəlik azad olmaq üçün ərazinin satın alınması, buraya müxtəlif investisiyanın cəlb edilməsi ilə turistlik bölgə yaradılması planları var idi. Eyni zamanda İsrail ABŞ tərəfindən aldığı hərbi yardım və siyasi dəstəklərlə İranın proksi qüvvələrinə də böyük zərbə endirib. Xüsusilə “Hizbullah”, Husilər və Suriya ərazisində bunun şahidi olmuşuq. Eyni zamanda İranın nüvə proqramının nəzarətdə saxlanılması üçün Donald Tramp tərəfindən İrana təqdim olunan məktub sülh və əməkdaşlıq baxımından mühüm əhəmiyyət kəsb edirdi, lakin İranın mövqeyi fərqli oldu. İran düşünür ki, ABŞ danışıqlar vasitəsi ilə İranın nüvə proqramını nəzarətdə saxlamaq əvəzinə, onun üzərindən böyük xətt çəkmək məqsədləri güdür və bu, İranın nə dini, nə də siyasi rəhbərliyi tərəfindən qəbul edilmir”.

Ekspertə görə, belə olan halda digər ssenari seçilə bilər, yəni ABŞ İran ərazisində olan nüvə laboratoriyalarını məhv etmək yolunu tuta bilər. O qeyd edib ki, bu, birbaşa ABŞ-İran və ya İsrail-İran müharibəsi ilə nəticələnə bilər.  

“ABŞ öz fövqəl gücünə və dünyadakı mövqeyinə xələl yetirməmək üçün İsraili dəstəkləməklə bu məqsədlərə nail olmaq iradəsini ortaya qoya bilər. İsrail də buna çox yaxşı yanaşır. Amma nəzərə almaq lazımdır ki, regionumuzda İran və İsrail arasında genişmiqyaslı müharibə olarsa, bunun acı nəticələri bütün region üçün aktual olacaq. Unutmayaq ki, İran ərazisində milyonlarla Azərbaycan türkləri var və bu faktor mütləq nəzərə alınmalıdır. İsrail hazırkı periodda HƏMAS-la müharibə ilə yanaşı, geniş anlamda İran mövzusunu bağlamaq niyyətini də gizlətmir”.   

Qeyd edək ki, İsrailin Baş Qərargah rəisi Eyal Zamir 2025-ci ili HƏMAS və İranla “müharibə ili” adlandırıb. O, bildirib ki, İsrail qüvvələri digər cəbhələri də tərk etməyi planlaşdırmır.

Həmçinin ABŞ prezidenti Donald Tramp da açıqlamasında İranla tezliklə danışıqlara başlamalı olduğunu vurğulayıb və əgər danışıqlar yolu ilə razılaşmasa olmasa, hərbi yola əl atacaqlarını bəyan edib. 

Qiymət Mahir

tag: İlyas Hüseynov,Politoloq,İran,ABŞ,Todaypress.az,

photo